“Şirvan Gənclər Evi”ndə “Sağlam düşüncə, sağlam gələcək” mövzusunda maarifləndirici seminar keçirilib.
24 iyun 2022 | 12:56
Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan şəhər Gənclər və İdman İdarəsinin və “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə gənclərin narkomaniya və digər zərərli vərdişlərdən uzaqlaşdırılması, mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədilə 26 iyun – “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş “Sağlam düşüncə, sağlam gələcək” adlı maarifləndirici seminar keçirilib.
Seminarda Gənclər Evinin könüllüləri, orta ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri və tələbə gənclər iştirak edib.
Gənclər Evinin direktoru Əfqan Həsənov, Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov, Gənclər Evinin psixoloqu Nicat Sarxanov çıxış edərək narkomaniyanın insan həyatında yaratdığı fəsadlardan və narkomanlığın əksər hallarda ölümlə nəticələnməsindən bəhs ediblər. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə olduğunu diqqətə çatdırıblar. Onun yayılmasının millətin sağlam həyat tərzinə təhlükə yaratdığını, cəmiyyətin özəyi olan ailənin dağılmasına, müxtəlif cinayətlərin törədilməsinə, gənc və yeniyetmələrin həyatdan tədric olunmasına və ölümünə səbəb olduğunu bildiriblər. Narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra qanun və dövlət proqramlarının qəbul edildiyini və uğurla həyata keçirildiyini vurğulayıblar. Döyüş meydanında zəfər qazanmış dövlətin gənclərini Azərbaycanın gələcəyi, sağlam ailə, sağlam nəsillər naminə narkomaniyaya yox deməyə çağırıblar.
Sonda Gənclər Evinin təşkilatçılığı ilə könüllülər tərəfindən ərsəyə gətirilən, narkotik aludəçisi olan bir gəncin həyatından bəhs edən “Bir dəfədən heçnə olmaz” adlı qısametrajlı film nümayiş olunub.
Mətbuat xidməti