Şirvan Gənclər Evində şəhidlərə həsr olunan “Yarımçıq qalmış” tamaşasının təqdimatı keçirilib.
Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin nəzdində fəaliyyət göstərən Şirvan Debat Mərkəzinin Vətən Müharibəsinin ildönümə həsr etdiyi “Vətən Müharibəsi Həftəsi” bü gün başa çatıb. 30 sentyabr 2022-ci il tarixdə Şirvan Debat Mərkəzinin “Rəşan” teatr klubu ilə birgə ərsəyə gətirdiyi “Yarımçıq qalmış” tamaşası uğurla izləyicilərə təqdim olunub. Təqdimat mərasimində YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Samirə İsmayılova, Şirvan şəhər Mədəniyyət Mərkəzinin direktoru Nəmidə Nəmini, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri, Gənclər Evinin dərnək və klub üzvləri olmaqla 70 nəfərə yaxın gənc iştirak edib. Tamaşadan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tamaşada Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin, onların yaxınlarının ümumiləşmiş obrazları canlandırılıb. Teatr klubunun üzvləri ilə bir səhnəni bölüşən debatçılar şəhidlərin xatirəsinə həsr olunmuş çətin səhnələrin öhdəsindən məharətlə gəliblər. Vətənin müqəddəsliyi, şəhidlərin ölməzliyi, onların xatirələrinin həmişə hörmət və ehtiramla yad ediləcəyi tamaşanın ideya qayəsi kimi təqdim olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi, üçrəngli bayrağımızın Şuşa şəhərində dalğalanması, Şanlı Zəfərin elan olunması nəticəsində bütün şəhid ruhlarının şad olması ilə tamaşa başa çatıb. Emosianal səhnələr tamaşaçılara dərin təsir bağışlayıb. Tamaşanın sonunda qonaqlar öz təəsüratlarını bölüşüblər və gənclərə uğurlar arzulayıblar.
Mətbuat xidməti