Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan respublika tabeli şəhər statusu almasının 60 illik yubileyini qeyd edir.

19 dekabr 2023 | 16:35

Şirvanın respublika tabeli şəhər statusu almasından 60 il ötür. Əli Bayramlı rayonunun (indiki Şirvan şəhərinin) ərazisində zəngin neft yataqlarının aşkar edilməsi, Avropada ilk  açıq tipli istilik elektrik stansiyasının tikilib istifadəyə verilməsi, yeni sənaye müəssisələrinin yaradılması ilə 1963-cü ildə Əli Bayramlı rayonuna ( indiki Şirvan) republika tabeli şəhər statusu  verildi. Lakin Şirvanın əsl şəhər kimi formalaşması Ulu öndər Heydər Əliyevin respublika rəhbəri seçiləndən sonra baş verdi. Məhz Ulu Öndər dövlət başçısı seçiləndən sonra ölkəmizin hər yerində olduğu kimi Şirvanda inkişafın təməli qoyuldu. Mən onda orta məktəbdə, riyaziyyat təmayüllü sinifdə oxuyurdum. Ulu öndər Heydər Əliyevin Bakı Dövlət Universitetini bitirməsi, ədalətə söykənən parlaq çıxışları, əməli fəaliyyəti mənə də təsirsiz ötüşmədi. Mən də məktəbi bitirdikdən sonra sənədlərimi Bakı Dövlət Umiversitetinə verdim. Tarix fakültəsini bitirdim. Komsomol komitəsində, Xalq Deputatları Sovetində, İcra hakimiyyətində müxtəlif vəzifələrdə çalışdım. Bir sözlə, son 45 ildə Şirvan şəhərinin tarixi, keçdiyi inkişaf yolu gözlərim önündə olub. Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dönəmində Şirvanda Cənub və Şimal sənaye qovşaqları yaradıldı. Müasir zavodlar, istehsal və xidmət müəssisələri istifadəyə verildi. Mərkəzi şəhər xəstəxana kompleksi inşa edildi. Çox saylı iş yerləri açıldı. Başqa şəhər və rayonlarda olduğu kimi Şirvanda da musiqi, şahmat məktəbi, Tarix  Diyarşünaslıq muzeyi fəaliyyətə başladı. İstedadlı gənclərin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almalarına şərait yaradıldı. Şəhərimizdən də yüzlərlə gənc yaradılan bu şəraitdən bəhrələndi. Yəni Ulu öndər Heydər Əliyevin “Qoy ədalət zəfər çalsın!” kəlamı zamanında həyatın reallığına çevrildi. Şəhərin neft və energetika sistemində yetişən mühəndis kadrlardan bir qrupu respublikamızın digər şəhər və rayonları ilə yanaşı, ittifaq sənayesində, xarici ölkələrdə neft yataqlarının aşkarlanıb istismara verilməsində, yeni elektrik stansiyalarının tikintisində fəal iştirak edirdi. Şəhərimizin yetirməsi, mərhum Yavər Camalov uzun illər Şirvan Neft Qazçıxarma idarəsinə rəhbərlik etmiş, Azneft İstehsalat Birliyinin direktoru vəzifəsinə qədər yüksəlmiş, dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə Müdafiə Sənayesi naziri təyin edilmişdir. O yeni yaradılan bu nazirliyin bütün infrastrukturunu yaratmış, qısa müddətdə hərbi təyinatlı məhsulların istehsalına nail olmuşdur.

Ulu öndər Heydər Əliyevin şirvanlılara qayğısı sayəsində şəhərdə 100-ə yaxın çoxmənzilli yaşayış binaları, məktəb, uşaq bağçaları tikilib istifadəyə verilib. Sosial infrastrukturlar yenilənib, yeni park və xiyabanlar, prospekt və küçələr salınıb, İdmanın kütləviliyinə önəm verilib. Şəhər, ölkə və ittifaq səviyyəli idman yarışlarında uğurlar qazanan idmancılar yetişib.

Respublikamızın tanınmış mədəniyyət və incəsənət insanlarının, şair və yazıçıların yaradıcı kollektivlərinin ictimayyət qarşısında çıxışları təşkil edilirdi. Xalq artisti Zeynəb Xanlarova, Rəşid Behbudov, İlhamə Quliyeva və digər müğənnilər zəhmətkeşlər qarşısında konsert proqramları ilə çıxış edirdi. Teatr tamaşaları göstərilir, şair və yazıcılarla görüşlər keçirildi. Nəticədə, insanların yaşayış şəraiti, rifah halı, mədəni həyat səviyyəsi yüksəlirdi. Şəhərdə fəaliyyət göstərən Bakı Axşam Neft texnikumunun Əli Bayramlı filialı, Pedaqoji məktəb, Sənaye texnikumu, Peşə məktəbləri gəncləri yüksək vətənpərvərlik ruhunda tərbiyə edib, ictimai həyata hazırlayırdı.

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini, elmi-nəzəri irsini, idarəetmə fəlsəfəsini yeni çalarla zənginləşdirib, uğurla həyat  keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz, o cümlədən Şirvan şəhəri daha sürətli və keyfiyyətli inkişaf mərhələsinə qədəm qoydu. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında Şirvan şəhəri üzrə nəzərdə tutulan tədbirlər uğurla yerinə yetirildi. Əsas makroiqtisadi göstəricilərdə davamlı artım əldə edildi. Vətəndaşların sağlamlığını daim diqqət mərkəzində saxlayan Prezidentimiz 23 mart 2006-cı ildə  Şirvan Diaqnostika Mərkəzinin təməlini qoydu. 24 dekabr 2007-ci ildə açılışın etdi. Ən müasir avadanlıqlarla təchiz edilmiş, Diaqnostika Mərkəzində Şirvan şəhəri ilə yanaşı, ətraf regionların sakinlərinə də funksional diaqnostika, dializ, stasionar, əməliyyat, reanimasiya, komputer-tomoqrafiya, rentgen və digər tibbi xidmətlər göstərilir.

Dövlət başçısı 31 avqust 2006-ci il tarixdə Şirvan şəhərinin Çılpaqlı yaşayış massivində 680 şagird yerlik orta məktəb binasının tikilməsi barədə sərəncam vermiş, 24 dekabr 2007-ci il tarixdə açılışında iştirak etmişdir. Son 20 ildə isə 6 məktəb binası, uşaq bağçası, 2 məktəbdə 34 sinif otağından ibarət 700 şagird yerlik əlavə sinif otaqları inşa edilmiş, 8 məktəbdə və 6 uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır.

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin zəngin dövlətçilik irsinin öyrənilməsi üçün 2008-ci ildə Heydər Əliyev Mərkəzinin tikintisinə başlanıldı.

2008-ci ilin may ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məlum səbəblərdən Əli Bayramlı şəhərinin adının dəyişdirilməsi barədə sərəncam verdi. Şəhərin tarixi adını özünə qaytardı.

Möhtərəm prezidentimiz vaxtaşırı Şirvan şəhərinə səfərlər edir, sakinlərlə görüşür, onları narahat edən məsələlərlə maraqlanır. Müəyyənləşdirdiyi inkişaf konsepsiyası əsasında şəhərin sosial-iqtisadi inkişafına yönəlik tapşırıqlar verir, yeni istehsal, xidmət müəssisələri, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, uşaq bağçalarının yaradılması, əsaslı təmiri, Olimpiya idman kompleksinin tikintisi, müharibə veteranları, şəhid ailələri və qazilər üçün yaşayış binalarının inşası, avtomobil yollarının, park və xiyabanların, su-kanalizasiya sisteminin yenidən qurulması, küçə və məhəllələrin işıqlandırılması və digər məsələlərlə bağlı sərəncamlar imzalayır, maliyyə vəsaitləri ayırır. Icrasına şəxsən nəzarət edir. Həyata keçirilən layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak edir. Şirvan şəhərinin  uğurlu inkişafını təmin edir. 1958-ci ildə tikilmiş 250 yerlik Şirvan Mədəniyyət Evi, 540 yerlik kinoteatrı, Tarix-Diyarşünaslıq muzeyi əsaslı təmir edilib.

Pambıq çiyidindən yağ emal edən zavod  yenidən qurulmuş, 780 meqavat gücündə “Cənub” Elektrik Stansiyası istifadəyə verilmiş, 110 min nəfər əhalini içməli su ilə təmin edən  xətt Şirvan-Muğan qrup su kəmərinə qoşulmuş, 980 tamaşaçı yeri olan idman zalı, 1020 yerlik futbol stadionu, 20 otaqdan ibarət 44 yerlik mehmanxanası, mini futbol, basketbol meydançası, 50 metrlik üzgüçülük hovuzu olan Şirvan Olimpiya İdman Kompleksi, Müdafiə Sənayesi Nazirliyinin “Telemexanika”, “Araz” zavodlarının yeni istehsal sahələri  istifadəyə verilib.

Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadları aradan qaldırılmış, 31 ev tikilmiş, dəymiş ziyanla bağlı zərərçəkənlərə müxtəlif təyinatlı maddi yardımlar ödənilmişdir.

Prezident cənab İlham Əliyevin davamlı diqqət və qayğısı qədirbilən şirvanlılar tərəfindən həmişə rəğbətlə qarşılanmış, insanlarda vətənpərvərlik hissi gücləndirilmiş, dövlət-xalq birliyini təmin etmişdir.

27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasnın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun uğurla həyata keçirdiyi əks-hücum əməliyyatında, tarixi torpaqlarımızın azad edilməsində, 2023-cü ilin sentyabrın 19-20-də uğurlu lokal anti-terror tədbirlərində şirvanlı əsgər və zabitlər də böyük qəhrəmanlıq nümunələri göstərmiş, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsinə layiqli töhfələr vermişlər.

Bu gün möhtərəm Prezidentimiz, Qalib, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq İşğaldan azad edilmiş şəhər və rayonlarda böyük infrastruktur layihələr həyata keçirilir, “Ağıllı kənd”, “Ağıllı şəhər”lər salınır. Genişmiqyaslıq abadlıq, quruculuq işləri aparılır. İş yerləri açılır. Insanlar doğma yurduna qayıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələri ilə Şirvan şəhərinin də uğurlu inkişafı davam edir. M.Füzuli adına Mədəniyyət və İstirahət parkının, Şəhidlər Xiyabanın yenidən qurulması, “Şəhid Anası” memorial abidə kompleksinin, “Zəfər” abidəsinin ucaldılması, şəhərin su-kanalizasiya sisteminin mərhələli şəkildə yenilənməsi, avtomobil yollarının, parkların, məhəllələrin müasir tələblər səviyyəsində işıqlandırılması işlərinin davam etdirilməsi, nümunəvi məhəllələrin salınması 60 illik yubileyini qeyd  etməyə hazırlaşan Şirvan şəhərinin daha uğurlu gələcəyindən xəbər verir.

Bəli, doğurdan da, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi “Biz Şirvan şəhərinin timsalında Azərbaycanın uğurlu inkişafını görürük.”

Mən Şirvanın respublika tabeli şəhər statusu almasının 60 illik yubileyininin qeyd edilməsinə görə dövlət başçısına, təşkilatçılara şirvanlılar adından minnətdarlığımı bildirirəm. Hər bir şəhər sakinini yubiley münasibəti ilə təbrik edirəm.

                           

Adəm Hüseynov

Təqaüddə olan I dərəcəli dövlət qulluqçusu

Keçidlər