Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

12 sentyabr 2025 | 16:08

Sentyabrın 12-də Şirvan şəhərində keçirilən konfransda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov və idarə heyətinin üzvləri, ziyalılar, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar.

Tədbirdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər konfrans iştirakçılarını salamlayaraq, ölkəmizin hər bir bölgəsində olduğu kimi, Şirvan şəhərində də böyük hörmət və nüfuz sahibi olan ağsaqqalların xidmətlərindən bəhs edib. Bildirib ki, ağsaqqalların dövlətin və cəmiyyətin idarə olunmasında rolunu yüksək dəyərləndirən Ümummilli Liderimiz Heydər Əliyev respublikamıza rəhbərliyi dövründə ağsaqqallara xüsusi diqqət və qayğı göstərmiş, onların təşkilatlanmasına, cəmiyyətdə daha yüksək nüfuz sahibi olmasına hər cür şərait yaratmışdır.

Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli, beynəlxalq səviyyədə söz sahibi olan dövlətə çevirmişdir. Bu gün ölkəmizdə Ağsaqqallar Şurası təşkilatının hər bir üzvü qüdrətli, müasir, güclü və alternativsiz Liderin-İlham Əliyevin uğurlu yolunun davam etdirilməsini dəstəkləyir.

Gənc nəslin maarifləndirilməsində, onların milli-mənəvi dəyərlərimizə hörmət, dövlətə, xalqa sədaqət ruhunda yetişdirilməsində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu bildirərək, Şirvan şəhər ağsaqqallarının ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıb. İlqar Abbasov şəhər ağsaqqallarının fəaliyyətini yüksək qiymətləndirərək, onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimovun yerli təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti barədə geniş məruzəsi dinlənilib. Vurğulanıb ki, təşkilatın üzvləri şəhərin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək, sakinlər arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin təbliğ edilməsində, gənclərimizin vətənpərvərlik ruhunda maarifləndirilməsində, həmçinin şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində, onlara maddi və mənəvi dəstəyin göstərilməsində əllərindən gələni əsirgəmirlər.

Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Azərbaycan xalqının Ümummilli Lideri, müasir tariximizin qurucusu Heydər Əliyevin vətənimiz qarşısında böyük xidmətlərindən ətraflı bəhs edərək, Ulu Öndərin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin  uğurlu prezidentlik fəaliyyətindən, onun rəhbərliyi ilə ölkəmizin qazandığı misilsiz nailiyyətlərdən söz açıb. Vurğulayıb ki, xalqımıza böyük Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımız üçrəngli bayrağımızı Qarabağda və işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalandırıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda böyük bərpa-quruculuq işləri həyata keçirilir və “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara göstərdiyi böyük diqqət və qayğıdan da danışan Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələrək, fəaliyyətini daha geniş və effektiv şəkildə davam etdirir. Ağsaqqalların hər zaman ölkəmizin ictimai-siyasi və mədəni həyatında aktiv fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.

Akademik Əhliman Əmiraslanov yerli təşkilatın hesabatını qənaətbəxş hesab edərək, gənclərlə fəaliyyətin daha da artırılması ilə bağlı öz tövsiyələrini verib, hər bir ağsaqqala möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransda çıxış edən şəhər ağsaqqalları Yaqub Salmanov, Ağazər Şükürov, Vasif Əlizadə, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, texnika üzrə fəlsəfə doktoru, əməkdar mühəndis  İltizam Yusifov, Şirvan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Rəfiqə Atayeva, Şirvan Rayonlararası Onkoloji Xəstəxananın baş həkimi Ədalət Cavadov şəhər Ağsaqqallar Şurası tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar. Qeyd edilib ki, cəmiyyətimizdə yüksək nüfuza malik olan ağsaqqallarımızın bilik və təcrübəsindən hərtərəfli və səmərəli şəkildə istifadə olunmalıdır.

Çıxış edənlər Şirvan şəhər Ağsaqqallar Şurasının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər.

Daha sonra konfransın gündəliyində olan məsələlər müzakirə edilib.

Keçidlər