Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev - Əsrə bərabər ömür” adlı tədbir keçirilib.
05 may 2023-cü il tarixdə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Şirvan Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatı, Şirvan Şəhər Gənclər və İdman İdarəsi və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev - Əsrə bərabər ömür” adlı tədbir keçirilib. Öncə tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzüblər. Tədbirdə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov tədbiri giriş sözü ilə açaraq bildirib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu öndər Heydər Əliyev hər zaman xatırlanacaq, onun parlaq siması qədirbilən insanların qəlbində yaşayacaq, əziz və unudulmaz xatirəsi hər zaman xüsusi ehtiramla yad ediləcəkdir. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyevaya çıxış edərək bildirib ki, Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında, azərbaycançılıq məfkurəsinin mühüm elementlərinin inkişaf etdirilməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Bütün ruhu, qanı, canı ilə Azərbaycana bağlı olan Ulu öndərin cəmiyyətin bütövləşməsi, həmrəyliyin möhkəmləndirilməsi, xalqların və etnik qrupların mədəni müxtəlifliyininin həm müdafiə, həm də inkişaf etdirilməsi, vahid amal ətrafında birləşdirilməsi üçün çətin bir yol qət etdiyini diqqətə çatdırıb. İllər ötsə də Ulu öndərin hər zaman qəlblərdə yaşayacağını vurğulayıb. YAP Şirvan Şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov çıxışında bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Yahyayeva çıxışında Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu öndərin böyük, əvəzedilməz xidmətləri olduğunu, müasir Azərbaycan gəncliyinin Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və məqsədyönlü gənclər strategiyasına sadiqliyini diqqətə çatdırıb. Sonda “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda videoçarx nümayiş olunub.