Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında 2024-cü ilin 9 ayı ərzində şəhərdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

31 oktyabr 2024 | 17:40

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov geniş məruzə ilə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində irimiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, “Yeni Şirvan” yaşayış kompleksinin tikintisi, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, “İDEA” İB-nin “Bizim həyət” layihəsi üzrə yeni “Abad məhəllə”lərin və yaşıllıqların salınması işlərinin, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlərin, ağacəkmə aksiyalarının davam etdirildiyini qeyd edib.

Bildirib ki, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 15 mart 2024-cü il tarixli 43 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda 13 prioritet istiqamət müəyyən olunmuş və Proqramın həyata keçirilməsi ilə bağlı icrası planlaşdırılan bütün tədbirlər həmin prioritet istiqamətlər üzrə qruplaşdırılaraq Tədbirlər Planında öz əksini tapmışdır. Tədbirlər Planına uyğun olaraq  şəhər ərazisində tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinə başlanılmış  və qarşıya qoyulmuş məsələlərin həlli istiqamətində uğurlu addımlar atılmışdır. Qeyd edib ki, ölkədə aparılan uğurlu islahatlar şəhərimizin iqtisadiyyatında da əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuş, dinamik iqtisadi inkişaf təmin edilmişdir. Belə ki, Şirvan şəhərində fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 2024-cü ilin 9 ayı ərzində 511 milyon 86,4 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun 56,0 faizi dövlət, 44,0 faizi isə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal olunmuşdur.

2024-cü ilin 9 ayı ərzində şəhərdə 163.0 min ton əmtəəlik neft, 3.6 milyon m3 əmtəəlik qaz və 4 milyard 163,2 milyon kvt-saat elektrik enerjisi istehsal edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 6,9 faiz, sərnişin daşınması isə 8,5 faiz artmışdır.  2024-cü ilin 9 ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 1,2 faiz, ödənişli xidmətlərin həcmi isə 8,2 faiz artmışdır. Şirvan şəhərində bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 850,9 manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz çox olmuşdur.

Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva 2024-cü ilin 9 ayı ərzində şəhərdə ictimai-siyasi və keçirilmiş digər tədbirlər barədə geniş məlumatla çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, yeni nəslin vətənpərvərlik, azərbaycançılıq və müstəqil dövlətçilik prinsipləri əsasında formalaşdırılması, tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda rolunun artırılması, onların intellektual və yaradıcı potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi işi davam etdirilmişdir. Qeyd edib ki, hesabat dövrü ərzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqların artırılması, ekoloji tarazlığın bərpa edilməsinə köməklik göstərilməsi məqsədilə 30 sayda ağacəkmə aksiyası, 28 sayda iməcilik təşkil olunmuşdur. Şirvan şəhər ərazisində aparılmış yaşıllaşdırma tədbirləri ilə əlaqədar müxtəlif növ ağaclar və dekorativ gül kolları əkilmiş, ərazilərin alaq otlarından təmizlənməsi və yaşıllıqların suvarılması təsdiq olunmuş qrafikə əsasən həyata keçirilmişdir.

Həmçinin uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin davam etdirilməsi, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik işin aparılması və uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran məsələlər barədə məlumat verib.

Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Şaiq Şıxəliyev şəhərdə görülmüş abadlıq-quruculuq, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfalt-beton örtüyünün vurulması, Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC tərəfindən “Yeni Şirvan” yaşayış kompleksinin tikintisi, “İDEA” İB-nin “Bizim həyət” layihəsi çərçivəsində yeni “Abad məhəllə” lərin və yaşıllıqların salınması işləri haqqında geniş məlumat verərək, Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq şəhər ərazisində turizm nümayiş obyekti kimi istifadə oluna biləcək İsmət Qayıbov adına Mədəniyyət və İstirahət parkında əsaslı yenidənqurma işlərinin aparılacağı, Kür çayı sahilində (sahilboyu) bulvarın salınacağını diqqətə çatdırıb.

Sonra çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov şəhərin içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulmasının vəziyyəti barədə məlumat verərək, bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı Şirvan şəhərində “Azərsu” ASC tərəfindən su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmış, cari ildə şəhərin küçə və prospektlərində kanalizasiya xətlərinin çəkilməsi, mexaniki su sayğaclarının quraşdırılması işləri davam etdirilir. Qeyd edib ki, Şirvan şəhərində mövcud yaşıllıqlara qulluq göstərilməsi ciddi nəzarətdə saxlanılır və əkilmiş ağaclara, salınan yaşıllıqlara lazımi aqrotexniki qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, aidiyyəti idarə və müəssisələrin rəhbərləri çıxış edərək görülən işlər və çətinliklər barədə məlumat veriblər. Çıxış edənlər 2024-cü ilin 9 ayı ərzində Şirvan şəhərinin sosial-iqtisadi inkişafına xidmət edən fəaliyyət sahələrində əldə olunan uğurlardan danışaraq, Şirvan şəhərində aparılan abadlıq, quruculuq işlərini, infrastruktur layihələrinin şirvanlılar tərəfindən rəğbətlə qarşılandığı qeyd ediblər. Dövlətimizin başçısının uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyasının, tapşırıq və göstərişlərinin bundan sonra da ardıcıl həyata keçiriləcəyi, şirvanlıların ölkəmizin hərtərəfli inkişafına yeni töhfələr verəcəyi, Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan müstəqil dövlətçilik strategiyasının davam edəcəyinə inam ifadə olunub.

Keçidlər