Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
21 noyabr 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin və Aparatının əməkdaşlarının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
Öncə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov müşavirəni giriş sözü ilə açaraq, Şirvan şəhərində son zamanlarda aparılan abadlıq-quruculuq işlərindən, yeni infrastruktur layihələrinin icrasından danışıb, dövlət başçısı tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar şəhər ərazisində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Şəhər İcra Hakimiyyəti başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Orxan İbrahimov çıxış edərək, Şura iclasının gündəliyində duran məsələni şura üzvlərinin və iştirakçıların diqqətinə çatdırıb, şəhərin 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığının vəziyyəti barədə məlumat verib. Bildirib ki, şəhərin idarə, müəssisə və xidmət təşkilatlarında qışa hazırlığın vəziyyəti araşdırılmış, əhalinin payız-qış aylarında fasiləsiz mavi qaz, su, elektrik enerjisi, nəqliyat vasitələri ilə təmin olunmasında nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində bir sıra işlər görülmüşdür.
Şirvan Sukanal İdarəsinin rəisi Fərhad Hüseynov çıxış edərək, şəhərin içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulmasının vəziyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı Şirvan şəhərində “Azərsu” ASC tərəfindən su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işlərinə başlanılmış, şəhərin küçə və prospektlərində müxtəlif diametrli köhnəlmiş su və kanalizasiya xətləri yenisi ilə əvəz edilmiş, mexaniki su sayğaclarının quraşdırılması işləri davam etdirilmişdir.
Sonra çıxış edən şəhər İcra Hakimiyyəti başçısı Aparatının İstehsal və xidmət sahələri sektorunun müdiri Ramin Qasımov Şirvan şəhərində işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunması sahəsində görülmüş işlərin vəziyyəti, qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birlikdə qarşılıqlı tədbirlər barədə ətraflı məlumat verib.
Daha sonra geniş müzakirələr aparılıb, aidiyyəti idarə və müəssisələrin rəhbərləri çıxış edərək görülən işlər və çətinliklər barədə məlumat veriblər.
Sonda şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Yeniləşən Şirvan” sosial iqtisadi inkişaf proqramı, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən “ Yeni Şirvan” yaşayış kompleksi, şəhərin 74 küçəsinin işıqlandırılması və nəzərdə tutulan abadlıq-quruculuq işləri haqqında geniş məlumat verərək, nöqsanların aradan qaldırılması və icrası nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.