Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının sakinlərlə növbəti səyyar görüşü keçirilib 06.06.2023

06 iyun 2023 | 17:56

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə sakinlərlə keçirdiyi səyyar qəbul və görüşlər davam edir. İyunun 6-da Şirvan Müalicə Diaqnostika Mərkəzində sakinlərlə növbəti görüş keçirilib. Görüşdə Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verərək, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin və yerli proqramlarda nəzərdə tutulan geniş abadlıq-quruculuq, yaşıllaşdırma və infrastrukturun yenilənməsi istiqamətində görülən işlərin uğurla həyata keçirilməsindən danışıb. Şirvan şəhərinin növbəti 5 il (2024-2028-ci illər) üçün nəzərdə tutulmuş “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf konsepiyasının hazırlandığını diqqətə çatdırıb. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası Şirvan şəhərinin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcının qoyulmasında, şəhərin daha da müasirləşməsində, yeni iş yerlərinin və müəssisələrin yaradılmasında, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayacağını qeyd edib. Həmçinin Şirvan şəhərindən olan aktiv sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına bir daha müraciət edərək, onları təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar görüşlərdə iştirak etməyə dəvət edib. Sonra sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb. Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər