Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının sakinlərlə növbəti səyyar görüşü keçirilib.

23 yanvar 2023 | 16:23

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2023-cü ilin yanvar ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafiki təsdiq edilib. Qrafikə əsasən, şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüş 23 yanvar 2023-cü il tarixdə Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsində keçirilib. Səyyar qəbul-görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbula gələn şəhər sakinləri qarşısında çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etdiyini, şəhər və rayonlarda icra hakimiyyəti başçılarının vətəndaşlarla keçirilən səyyar görüşlərinin də bu məqsədə xidmət etdiyini bildirib. Son iki il ərzində pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq yerlərdə təşkil olunan görüşlərə, qəbullara, tədbirlərə fasilə verildiyini, 2022-ci ilin martın 6-dan etibarən dövlət orqanlarında vətəndaşların qrup və fərdi qaydada qəbulunun bərpa olunduğunu, Şirvan Şəhər İcra Hakimiyyətində təsdiq edilmiş qrafikə əsasən, 2022-ci ilin mart ayından etibarən hər ay şəhərin müxtəlif ərazilərində şəhər sakinləri ilə 4 səyyar görüşün, ümumilikdə  il ərzində 39 səyyar görüşün keçirildiyini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab​ İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasətdən, Silahlı Qüvvələrimizin erməni təxribatlarına və təcavüzünə qarşı 2020-ci ilin sentyabrın 27-də başladığı əks-hücum əməliyyatlarından, Vətən müharibəsi zamanı ölkədə həyata keçirilən qismən səfərbərlik zamanı Şirvan şəhərindən də min nəfərədək hərbi ixtisaslı gənclərin döyüşlərə cəlb edildiyindən, onlardan 23 nəfərin şəhid olduğundan, 100 nəfərdən çox şirvanlı əsgər və zabitin yaralanmasından danışıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini , Şəhidlər Xiyabanında ardıcıl abadlıq-bərpa işlərinin aparıldığını, şəhid analarının şərəfinə “Şəhid anası” memorial abidə kompleksinin qurulduğunu, ətrafında tarixin müxtəlif dönəmlərində xalqımızın məruz qaldığı faciələri və şəhidləri xatırladan mərmər lövhələrin yaradıldığını, əlamətdar günlərdə şəhər ictimaiyyətinin Xiyabana ziyarətlərinin təşkil olunduğunu diqqətə çatdırıb. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə şəfalar diləyib. Ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, görülən işlərin fonunda dövlət başçısının Şirvan şəhərinə göstərdiyi xüsusi diqqət və qayğıdan, şəhər ərazisində aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Şəhər ərazisində park və xiyabanların əsaslı təmir edildiyini, yeni nümunəvi məhəllələrin salındığını, şəhərin su-kanalizasiya sisteminin müasir tələblər səviyyəsində mərhələlərlə yenidən qurulduğunu, küçə və prospektlərində, məhəllələrində yeni işıqlandırma sisteminin quraşdırıldığını diqqətə çatdırıb. MİDA-nın sifarişi ilə şəhər ərazisində sosial evlərin tikintisi üçün torpaq sahəsinin ayrıldığı barədə məlumat verib. Regionların inkişafı üzrə dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Şirvan şəhər sakinlərinin sosial rifah halının və həyat şəraitinin yüksələcəyini qeyd edib. Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb. Müraciətlərin əksəriyyəti işsizlik, yaşayış yeri, torpaq sahəsinin ayrılması və sair olub. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər. Səyyar görüşdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsində  20 Yanvar Ümumxalq hüzn gününə həsr edilmiş əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olub.

 

Mətbuat xidməti

Keçidlər