Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, aztəminatlı ailələrin nümayəndələri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub. İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Mərasimdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirakçıları qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib və ən səmimi arzularını çatdırıb. İlahi hikmətlər xəzinəsi “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayının insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət etdiyini söyləyib. Milli və dini tolerantlığın hökm sürdüyü ölkəmizdə bütün dini bayramların, o cümlədən də Ramazan bayramının hər il təntənə ilə qeyd edildiyini diqqətə çatdırıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın bütövlüyünün bərpa olunmasında və tarixi Zəfər qazanılmasında şəhidlərimizin böyük xidməti olduğunu vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğıdan danışıb. Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən dövlət siyasətinin Şirvan şəhərində də davam etdirildiyini qeyd edib. İlqar Abbasov Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanlara Allahdan rəhmət, yaxınlarına bir daha başsağlığı verib, onlara səbir diləyib. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən oğulların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğulayıb. Mərasim boyu Qafqaz Müsəlmanları İdarəsinin Salyan bölgəsi üzrə qazisi Hüsnü Həsənov, Şirvan şəhər Həzrət Əbəlfəzl məscidinin imamı Şahəli Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu Ramazan ayının fəzilətlərindən danışıblar. İftar süfrəsi zamanı şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə şəhid ailələri adından şəhid atası Alim Zülfüqarov ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.
Mətbuat xidməti