Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.

17 aprel 2024 | 18:31

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2024-2025-ci tədris ili üzrə müəssisəyə yüksəkintellektli və savadlı gəncləri cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.

Bu istiqamətdə İnstitutun növbəti səfəri Şirvan şəhərinə olub. Tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüş öncə dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları birdəqiqəlik ehtiram sükutu ilə yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkəmizdə mövcud dövlət–din münasibətlərindən bəhs edib, dövlətimizin milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə göstərdiyi xüsusi diqqəti vurğulayıb. İlqar Abbasov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin banisi olduğu dövlət-din siyasəti onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sovet dönəmində dini vəziyyət, məscidlərin dağıdılması haqqında danışan İlqar Abbasov bildirib ki, müasir Azərbaycanda dövlətin bilavasitə qayğısı nəticəsində ibadət evlərinin təmiri, bərpası və əsaslı şəkildə qurulması istiqamətində həyata keçirilən işlər məhz bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir.

Aİİ rektoru, dosent Aqil Şirinov ölkəmizdə dövlət–din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çardırıb. Bildirib ki, bu sahədə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasi xətti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Rektor vurğulayıb ki, ölkəmiz bütün sahələrdə olduğu kimi, din sahəsində də nümunəvi ölkəyə çevrilib.

Rektor ali təhsil müəssisəsi haqqında geniş məlumat verərkən vurğulayıb ki, İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim–tələbə münasibətləri hökm sürür. Ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin artırılması, təhsilalanların fənlər üzrə bilik və bacarıqlarının inkişafı istiqamətində səylə fəaliyyət göstərilir.

A.Şirinov İnstitutun məqsəd və hədəfləri, ali təhsil müəssisəsində mövcud ixtisaslar barədə ətraflı məlumat verib. Aİİ-də təhsilin bütün pillərləri üzrə tədris həyata keçirildiyini qeyd edən rektor İnstitutda yaxşı oxuyan tələbələrin mübadilə proqramları vasitəsilə xaricdə təhsillərini davam etdirdiklərini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbə müdiri Sənan Xəlilov dövlət–din siyasətindən, Komitənin bu sahədə gördüyü işlərdən bəhs edib. Xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinə sahib çıxdığını vurğulayan S.Xəlilov ölkəmizdə bu mühitin qorunub-saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində dini maarifləndirmənin vacibliyini vurğulayıb.

Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov Aİİ-yə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını bildirib. E.Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil, tələbələrin sosial həyatı, Yay və Qış məktəbləri haqqında da ətraflı bəhs edib.

Tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Keçidlər