Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanıb.

23 may 2023 | 12:55

22 may 2023-cü il tarixində Şirvan şəhərində “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” məqsədilə Şirvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanıb. Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, AzTU-nun Logistika və Nəqliyyat İnistitutunun direktoru Fuad Daşdəmirov və Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak edib. Öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilib, abidə önünə gül-çiçək dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib. Sonra keçirilən geniş tərkibli görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev bildiriblər ki, müqavilənin “Heydər Əliyev ilində” bağlanması əhəmiyyətli hadisə olmaqla bərabər onun irsinin davamına bir töhfədir. Məhz Ulu öndər regionların dayanıqlı inkişafını, xüsusilə də yol şəbəkələrinin planlı layihələndirilməsi işlərini və icrasını şəxsən özü nəzarətdə saxlayırdı. Bildirilib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı inkişaf məqsədlərinin əsas qayəsi, meyar və göstəricilərinin milliləşdirilməsi üçün əhatəli və əhəmiyyətli işlər ardıcıl olaraq həyata keçirilir. Müqavilə dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur. İcrasına başlanılan layihə də məhz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən işlərin tərkib hissəsi olaraq 2030-cu ilədək yerli tərəfdaşlarla birlikdə ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını özündə ehtiva edir. “Dövlət-universitet-sənaye” tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin layihəsi Şirvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universitetinin birgə həyata keçirəcəyi ilk layihədir. AzTU-nun nəqliyyat istiqaməti üzrə professor-müəllim heyətinin cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılan layihə üzrə başlanğıc görüş keçirilib, ilkin müzakirələr və layihənin gedişatına dair fikir mübadiləsi aparılıb. Sonda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısına Azərbaycan Texniki Universitetinin xatirə hədiyyəsi təqdim olunub.

Keçidlər