Şirvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universitetinin nümayəndələri arasında “Şəhərdaxili hərəkət (mobillik) planı”nın hazırlanması ilə bağlı görüləcək işlərin səmərəliliyin artırılması üçün işçi qaydada görüş keçirilib.
21 iyun 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə yanaşı Azərbaycan Texniki Universitetinin Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Nəqliyyat və logistika fakultəsinin layihənin işinə cəlb edilən müəllim heyəti iştirak edib. Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması məsləhət xidməti (layihəsi) çərçivəsində keçirilən ictimai müzakirədə şəhər üzrə əhalinin nəqliyyatın məmnuniyyət səviyyəsi, mövcud mobillik vəziyyətinin təhlili, nəqliyyat infrastrukturunun monitorinqinə dair bir sıra məsələlər ətraflı müzakirə edilmiş, eləcə də, şəhər mobilliyinin yaxşılaşdırılması istiqamətində sakinlərin və ictimai fəalların fikirləri dinlənilib, verilən suallar cavablandırılıb. Xatırladaq ki, Azərbaycan Texniki Universitetinin Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilən layihədə məqsəd şəhərin nəqliyyat infrastrukturunun kompleks inkişafı proqramının, ictimai sərnişin nəqliyyatı ilə əhaliyə nəqliyyat xidmətlərinin təşkili üzrə sxeminin, nəqliyyat infrastrukturunun və yol hərəkətinin təşkili sxeminin hazırlanmasından ibarətdir.