Şirvan Şəhər İcra Hakimiyyətində arxiv işinin vəziyyəti müzakirə edilib.
24 yanvar 2023 | 18:36
24 yanvar 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətində arxiv işinin vəziyyəti müzakirə edilib. İclasda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul əməkdaşları, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, ölkə başçısının apardığı uğurlu dövlət siyasətindən, sosial-iqtisadi sahədə həyata keçirilən islahatlardan, şəhər ərazisnidə aparılan abadlıq, səliqə-sahman və quruculuq işlərindən danışıb, 2023-cü ildə görüləcək işlər barədə ətraflı məlumat verib.
Vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də şəhid ailələri və qazilərin problem və sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfat kitablarının Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması və bir sıra digər məsələlər müzakirə olunub.
Sonra Azərbaycan Respublikasının Dövlət Arxivinin Şirvan filialının direktor əvəzi vəzifəsinə Nəsibə Məmmədovanın təyin edilməsi ilə bağlı təqdimatı keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov onu təbrik edərək gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Hüquq şöbəsinin məsləhətçisi Azər Hüseynov ölkəmizdə arxiv işi sahəsində qanunvericilik aktları, arxiv sənədlərinin mühafizəsi, uçotu, komplektləşdirilməsi, istifadəsi, rəqəmsallaşdırılması və s. haqqında qısa məlumat verib, son zamanlar arxiv sahəsində gedən inkişaf, yeni arxiv binalarının tikilməsi, təmiri, arxiv əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində həyata keçirilən işlərdən danışıb. Dövlət Arxivinin Şirvan filialının fəaliyyətinin də bu istiqamətdə qurulduğunu vurğulayıb.
İclasın sonunda müzakirə olunan məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar və tövsiyyələr verilib.
Mətbuat xidməti