Şirvan Şəhər İcra Hakimiyyətində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda tədbir keçirilib.
4 noyabr 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Aparatı, sahə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları və şəhərin gənc dövlət qulluqçularının iştirakı ilə baş tutan tədbirdə çıxış edən şəhər İcra Hakimiyyəti başçısının Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Aynur Vələdova və Hüquq şöbəsinin müdiri Azər Hüseynov dövlət qulluğu sahəsində həyata keçirilən uğurlu siyasətdən, habelə dövlətin idarə olunmasında və dövlət orqanlarının nüfuzunun artırılmasında dövlət qulluqçularının rolundan, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan söz açıblar. Bildirilib ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və əməl etməlidir.
Nümunəvi etik davranışın dövlət qulluqçuları üçün bir norma olaraq, onların fəaliyyətində nəzərə alınmasının ən vacib tələblərdən biri olduğunu qeyd edən Azər Hüseynov bu tədbirin əsas məqsədinin dövlət qulluqçuları üçün mühüm məsələlərdən olan etik davranış qaydaları və onlara əməl edilməsi ilə bağlı müzakirələrin aparılması olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edilib ki, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Aparatında, sahə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində il ərzində nəzarət qaydasında dövlət qulluqçularının xidməti davranışlarının müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilir, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər görülür.
Tədbirin sonunda etik davranış qaydaları barədə maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.