Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda tədbir keçirilib.

20 noyabr 2024 | 17:18

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli, 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın icrası ilə əlaqədar dövlət qulluqçularının iştirakı ilə peşəkarlıq və fərdi məsuliyyətin artırılması, vicdanlı və mədəni davranış, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, qərəzsizlik və digər etik davranış qayda və prinsipləri əhatə edən mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Noyabrın 20-də Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Aparatı, sahə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları və şəhərin gənc dövlət qulluqçularının iştirakı ilə baş tutan tədbirdə çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev dövlət qulluğu sahəsində həyata keçirilən uğurlu siyasətdən, habelə dövlətin idarə olunmasında və dövlət orqanlarının nüfuzunun artırılmasında dövlət qulluqçularının rolundan söz açıb. Bildirib ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və əməl etməlidir.

Sonra çıxış edən şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Aynur Vələdova nümunəvi etik davranışın dövlət qulluqçuları üçün bir norma olaraq, onların fəaliyyətində nəzərə alınmasının ən vacib tələblərdən biri olduğunu qeyd edib, bu tədbirin əsas məqsədinin dövlət qulluqçuları üçün mühüm məsələlərdən olan etik davranış qaydaları və onlara əməl edilməsi ilə bağlı müzakirələrin aparılması olduğunu diqqətə çatdırıb.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmiş qayda və prinsiplər barədə ətraflı məlumat verən Aynur Vələdova vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydalarına əməl olunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, qeyd edib ki, dövlət qulluqçusu daim nəzakətli, səbirli və məsuliyyətli davranmalı, qanunvericiliyin tələblərinə riayət edilməsi diqqətdə saxlanılmalıdır.

Tədbirin sonunda etik davranış qaydaları barədə maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Keçidlər