Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaların gördüyü işlər müzakirə edilib 11.04.2023

12 aprel 2023 | 12:08

11 aprel 2023-cü il tarixdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, məsul əməkdaşlarının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Təsərrüfat şöbəsinə tabe olan komissiyaların gördüyü işlər müzakirə edilib. İlk olaraq Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, Ulu öndər Heydər Əliyevin və onun ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın  anadan olmasının 100 illiyi ərəfəsində keçirilən tədbirlərdən və görüləcək işlərdən danışıb. Aidiyyəti üzrə idarə və müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini verib. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Təsərrüfatı şöbəsinin müdiri Orxan İbrahimov şöbənin fəaliyyət dairəsinə daxil olan komissiyaların cari ildə gördüyü işlər barədə məlumat verib. 2022-ci ildə Şirvan Şəhər İcra Hakimiyyəti yanında Mənzil məsələləri üzrə ictimai Komissiyanın keçirdiyi 11 iclasda 77 nəfərin müraciətinə baxıldığını, Şirvan Şəhər İcra Hakimiyyətində yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində 57 nəfərin uçota alındığını, bunlardan 56 nəfərin güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edildiyini diqqətə çatdırıb. 2023-cü ilin 1-ci rübündə Şirvan Şəhər İcra Hakimiyyəti yanında Mənzil məsələləri üzrə ictimai Komissiyanın keçirdiyi 2 iclasda 10 nəfərin müraciətinə baxıldığını, Şirvan Şəhər İcra Hakimiyyətində yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində 4 nəfərin uçota alındığını, hər birinin güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edildiyini qeyd edib. Şəhər İcra Hakimiyyəti yanında “Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli” üzrə Komissiya tərəfindən şəhər ərazisində keçirilmiş reydlər zamanı 2022-ci ildə 24 ədəd, 2023-cü ilin ötən dövründə 3 ədəd qanunsuz daşınmaz əmlakın ətraflı araşdırıldığını, müvafiq tədbirlər həyata keçirildiyini bildirib. Şirvan Şəhər İcra Hakimiyyəti ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi və Muğan Regional Mərkəzi tərəfindən şəhər ərazisində inşa edilən obyektlərin tikintisinə nəzarət edildiyini, müvafiq reydlər keçirildiyini vurğulayıb. Araşdırılmış  qanunsuz halların hər biri üzrə Polis Şöbəsi tərəfindən protokol tərtib olunduğunu, cərimə olunması istiqamətində tədbirlərin davam etdirildiyini bildirib. Şirvan Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının fəaliyyətindən bəhs edərək, 2022-ci il və 2023-cü ilin birinci rübü ərzində Şirvan şəhəri ərazisində heç bir fövqəladə hadisənin baş vermədiyini qeyd edib. Şəhər İcra Hakimiyyəti yanında “Şəhərin yaşıllıq ərazisində qurumuş, yaşı ötmüş, müxtəlif səbəblərdən quruma dərəcəsinə qədər zədələnmiş, şəhər təsərrüfatı üçün təhlükə törədən ağacların müəyyənləşdirilməsi barədə” Komissiya tərəfindən şəhər ərazisində aparılmış monitorinqlər nəticəsində qurumuş, yaşı ötmüş, müxtəlif səbəblərdən quruma dərəcəsinə qədər zədələnmiş, şəhər təsərrüfatı üçün təhlükə törədən müxtəlif növ ağacların siyahısının müəyyənləşdirilərək akt tərtib edildiyini, araşdırılması məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciətlər olunduğunu, Nazirliyin əməkdaşı tərəfindən quruyan ağaclara baxış keçirildiyini, qabıq böcəklərinin və şam yastıcasının ağaclara ciddi zərər vurduğunu və ümumilikdə 300 ədəd müxtəlif növ ağacın götürülməsinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Yaşıllaşdırma Təsərrüfatının iştirakı ilə təmin olunduğunu bildirib. Sonra Şirvan şəhərinin küçə və prospektlərində “Bakı Abadlıq Xidməti” MMC tərəfindən quraşdırılmış işıqlandırma sisteminin avadanlıqlarının “Şirvan Şəhər İşıqları” İdarəsinin balansına verilməsi məqsədilə yaradılan Komissiyanın fəaliyyəti barədə danışıb. Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın narkomanlığın qarşısının alınması ilə bağlı bir sıra maarifləndirici və təbliğat tədbirlər həyata keçirdiyini, keçirilən profilaktik görüşlər və söhbətlər nəticəsində uşaqlar arasında narkotik maddələrdən istifadə hallarının müşahidə olunmadığını və şəhər hüquq mühafizə orqanlarında narkotiklərdən zərər çəkmiş uşağın qeydə alınmadığını vurğulayıb. Sonra komissiyaların fəaliyyəti barədə geniş müzakirələr aparılıb, komissiyaların tərkibinə daxil olan idarə və müəssisə rəhbərləri çıxış edərək görülən işlər və çətinliklər barədə məlumat veriblər. Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tövsiyə və tapşırıqlar verib.

 

Mətbuat xidməti

Keçidlər