Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaların gördüyü işlər müzakirə edilib.

04 aprel 2023 | 17:47

4 aprel 2023-cü il tarixdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, məsul əməkdaşlarının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə İctimai-siyasi və humanitar məsələlər şöbəsinə tabe olan komissiyaların gördüyü işlər müzakirə edilib. İlk olaraq Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, “Heydər Əliyev İli” çərçivəsində şəhər ərazisində keçirilən silsilə tədbirlərdən, aparılan abadlıq-quruculuq, işlərindən, ağacəkmə aksiyalarından danışıb. Ulu öndərin anadan olmasının 100 illiyi ərəfəsində görüləcək işlərdən, qarşıda duran vəzifələrdən bəhs edib. Bu sahədə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə idarə və müəssisələrin kollektivlərinin, şəhər sakinlərinin, ictimaiyyət nümayəndələrinin fəallığını xüsusi vurğulayıb. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva şöbənin fəaliyyət dairəsinə daxil olan komissiyaların cari ildə gördüyü işlər barədə məlumat verib. Şirvan Şəhər İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın yetkinlik yaşına çatmayan uşaqların sosial-iqtisadi hüquqlarının müdafiəsi, təhsil, səhiyyə problemlərinin həlli, onların dərsdənkənar fəaliyyətinin təşkili, baxımsız uşaqların himayəyə və qəyyumluğa götürülməsi, övladlığa verilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində məqsədyönlü tədbirlər həyata keçirdiyini qeyd edib. 2022-ci il və cari ilin birinci rübündə Komissiyanın 14 iclasının keçirildiyini, iclaslarda 19 məsələnin müzakirə edildiyini, qanunamüvafiq qərarlar verildiyini, müxtəlif dövlət orqanları və vətəndaşlar tərəfindən daxil olan 43 müraciətə baxıldığnı diqqətə çatdırıb. Aparılmış profilaktiki işin nəticəsində, uşaq əməyinin ən pis formalarının tətbiqi hallarına, narkoman və alkoqol istifadəçisi olan yetkinlik yaşına çatmayanlara rast gəlinmədiyini vurğulayıb. Sonra Şirvan Şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik Komissiyası” haqqında məlumat verərək, komissiyanın 2022-ci il və cari ilin birinci rübündə 34 iclas keçirdiyini, keçirilən iclaslarda müxtəlif xarakterli 153 məsələnin müzakirə olunaraq qanunamüvafiq qərar verildiyini bildirib. Uşaqla ünsiyyət hüququnun verilməsi, fiziki şəxsin üzərində patronaj təyin edilməsi, qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi, uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi, nikah yaşının azaldılması, valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi, atalığın müəyyən edilməsi və digər məsələlər barədə məlumat verib. Sonra Şirvan Şəhər İcra Hakimiyyətində yaradılmış “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun səhiyyə, hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə keçirdiyi maarifləndirici  tədbir və seminarlarda iştirakçıların məişət zorakılığının qarşısının alınması, erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri, selektiv abortlara qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar məlumatlandırıldığını bildirib. Cari ildə monitorinq qrupuna məişət zorakılığı halları ilə bağlı 7 müraciətin  daxil olduğunu, hər bir müraciətin ətraflı araşdırıldığını, 6 müraciət üzrə məişət zorakılığı faktının olmadığının aşkarlandığını, 1 müraciət üzrə gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və mütəmadi olaraq profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə ailənin Şirvan Şəhər Polis Şöbəsində münaqişəli ailə kimi qeydiyyata götürüldüyünü diqqətə çatıdırıb. Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında “Dini İşlər  üzrə Komissiya”nın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini bildirib. Komissiyanın cari ildə də şəhərdə dini durumda gedən proseslərə nəzarəti gücləndirməsi, dini icmalarla işin təşkili, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, tarixi dini adətlərin, tolerantlıq mühitinin qorunub saxlanılması və multikulturalizm həyat tərzinin təbliği istiqamətində aidiyyəti qurumlarla birgə zəruri tədbirlər görməsi barədə məlumat verib. Şirvan şəhərində mövcud olan ibadət yerlərinə, ziyarətgahlara və dini təhsil yerlərinə vaxtaşırı monitorinqlər keçirdiyini, vəziyyətin qanunauyğunluğunu öyrənərək məsul şəxslərlə müvafiq söhbətlər apardığını vurğulayıb. “Maddi yardım edilməsinə tələbatın müəyyənləşdirilməsi məqsədilə komissiya”nın cari ildə də şəhid ailələrini, Qarabağ müharibəsi əlillərini, Qarabağ müharibəsi veteranlarını və digər imtiyazlı və aztəminatlı ailələri mütəmadi diqqət və qayğı ilə əhatə etdiyini, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşdığını bildirib. Müxtəlif vaxtlarda Şəhər İcra Hakimiyyəti tərəfindən göstərilmiş maddi yardımlar barədə konkret məlumatları diqqətə çatdırıb. Sonra komissiyaların fəaliyyəti barədə geniş müzakirələr aparılıb, komissiyaların tərkibinə daxil olan idarə və müəssisə rəhbərləri çıxış edərək görülən işlər və çətinliklər barədə məlumat veriblər.  Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tövsiyə və tapşırıqlar verib.

 

Mətbuat xidməti

Keçidlər