Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətində fövqəladə halların nəticələrinin aradan qaldırılması mövzusunda dəyirmi masa keçirilib.

06 aprel 2024 | 12:56

Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə şəhər İcra Hakimiyyəti və yerli özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə şəhər İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Orxan İbrahimov, Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin rəis müavini Orxan Bağırov, şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirakı ediblər.

Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Orxan İbrahimov şəhər ərazisində mülki müdafiənin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı görüləcək işlər barədə məlumat verib. Bildirib ki, fövqəladə hadisələr zamanı mülkiyyət formasından asılı olmayaraq hər bir müəssisə və təşkilat  rəhbəri tabeliyində olan şəxsi heyətin və obyektlərin təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır, fövqəladə hallarda təhlükəsizlik qaydalarına əməl olunmasını təmin edərək, mütamadi ollaraq işçilər arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar. Qeyd edib ki, son illər Fövqəladə Hallar Nazirliyinin digər dövlət strukturları ilə birgə səyləri nəticəsində insan tələfatı və maddi itkilərin miqdarı xeyli azalmışdır. Lakin, bir sıra hallarda fiziki və hüquqi şəxslər tərəfindən texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması insanların həyat və sağlamlığının təhlükə altında qalmasına, onların əmlaklarının məhvinə, infrastrukturun sıradan çıxmasına və dövlət büdcəsinə külli miqdarda ziyan dəyməsinə şərait yaradır.

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin rəis müavini Orxan Bağırov çıxış edərək, iclasın gündəliyində duran və müzakirə olunacaq məsələləri iclas iştirakçılarının nəzərinə çatdırıb. Tədbirin mahiyyəti haqqında məlumat verərək, mövzu ətrafında fikir mübadiləsi aparılmasının vacibliyini bildirib. Sonra 2024-cü və daha əvvəlki illər üçün Mərkəzlə Nazirliyin qurumları arasında qarşılıqlı fəaliyyətin təşkil edilməsi, eləcə də Nazirlik ilə mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları ilə təsdiq olunmuş qarşılıqlı fəaliyyət planlarının müddəalarının həyata keçirilməsini xüsusi ilə vurğulayaraq, qarşıda duran məsələlərin həlli istiqamətində kompleks tədbirlərin işlənilməsinin vacibliyini bildirib. Regional mərkəz tərəfində aparılmış yoxlamalar və monitorinqlər zamanı Şirvan şəhəri ərazisində aşkar olunmuş problemlər və onların həlli yolunda görülmüş tədbirlər barəsində ətraflı məlumat verib.

Sonra çıxış edənlər fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində tapşırıqların yerinə yetirilməsinə qüvvə və vasitələrin hazırlıq vəziyyətindən danışaraq, həyata keçirilən tədbirlər zamanı meydana çıxan problemlərin həllinə nail olmaq üçün bu cür görüşlərdə müzakirələrin aparılmasının vacibliyi vurğulayıblar.

Daha sonra şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədrinin, idarə və müəssisə rəhbərlərinin keçirilən dəyirmi masa ilə bağlı təklifləri dinlənilib. Çıxışlarda irəli sürülən müddəaların interaktiv formatda konseptual təhlili keçirilib, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilib.

Tədbirin sonunda Mərkəzin fəaliyyəti, yanğın-partlayış hadisələrinin törətdiyi fəsadlar, su obyektləri, hidrotexniki qurğular və yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən tikililər, fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşmə səbəbləri və müxtəlif təyinatlı obyektlərlə bağlı suallar cavablandırılıb.

Keçidlər