Şirvan Şəhər İcra Hakimiyyətində komissiyaların fəaliyyəti müzakirə edilib.
28 mart 2023-ci il tarixdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, məsul əməkdaşlarının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə tabe olan bəzi komissiyaların gördüyü işlər müzakirə edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Ümummili lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsindən, Tədbirlər planına əsasən Şirvan şəhərində bu mövzuda bir sıra silsilə tədbirlərin keçirilməsindən, həmçinin il ərzində xeyli işlərin görüləcəyindən danışıb. Şəhərdə aparılacaq abadlıq-quruculuq, yaşıllaşdırma, səliqə-sahman işləri barədə tövsiyələrini diqqətə çatdırıb. Sonra Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayev “Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsi”nin Şirvan şəhər İcra Hakimiyyəti başçısının 17 oktyabr 2022-ci il tarixli Sərəncamı ilə yenidən yaradıldığını və tərkibinə müvafiq dövlət orqanları ilə yanaşı qeyri-hökümət təşkilatlarının nümayəndələrinin də daxil edildiyini bildirib. Qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlərin görülməsinə diqqətin artırılmasının və əhali arasında müvafiq maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi, sosial iş yerlərində işçilərin əmək haqqının bir hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi qaydası, digər məşğulluq tədbirləri haqqında məlumat verib. Sonra Şəhər İcra Hakimiyyəti yanında “Qanunsuz fəaliyyət göstərən istehsal, xidmət, ictimai iaşə, ticarət və səyyar satış obyektlərinə qarşı mübarizə komissiyası”nın fəaliyyət istiqamətləri, əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltmək məqsədilə istehsal, xidmət, ictimai iaşə, ticarət və səyyar satış obyektlərinə qarşı AQTA-nın Şirvan-Salyan regional bölməsi tərəfindən keçirilən nəzarət tədbirləri, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə şəhərin müxtəlif ərazilərində həyata keçirilən nəzarət-profilaktik tədbirlər haqqında ətraflı danışıb. Daha sonra şəhər ərazisində sərnişin daşımalarının təkmilləşdirilməsi, bu sahədə sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına dair mövcud işçi qrupunun yenidən təşkil olunması və tərkibində dəyişikliklər edilməsi haqqında məlumat verib. Şirvan şəhərinində nəqliyyat infrastrukturunun və şəhər nəqliyyatının işinin daha da yaxşılaşdırılması, o cümlədən ictimai nəqliyyatın tənzimlənməsi, sərnişindaşıma marşurutlarının optimallaşdırılması və nəqliyyat sahəsində xüsusi idarəetmə modelinin formalaşdırılması və effektivliyinin artırılması ilə bağlı aidiyyəti qurumlarla birgə ardıcıl olaraq sistemli və məqsədyönlü işlər görüldüyünü, nəqliyyatın inkişafının mühüm istiqamətləri üzrə tapşırıqların icrasının nəzarətdə saxlanıldığını vurğulayıb. Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Şəhər İcra Hakimiyyəti tərəfindən küçə və prospektlərin asfaltlanmasından, işıqlandırılmasından, piyada keçidlərinin və yol xətlərinin rənglənməsindən bəhs edib. Kiçik tutumlu nəqliyyat vasitələrinin ortatutumlu avtobuslarla əvəz edilməsi ilə bağlı bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunduğunu bildirb. Ticarət və digər qeyri-yaşayış obyektlərinin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqların günün tələbləri səviyyəsinə çatdırılması, yeni yaşıl guşələrin yaradılması istiqamətində də müvafiq işlərə başlanıldığnı diqqətə çatdırıb. Sonra geniş müzakirələr aparılıb, aidiyyəti idarə və müəssisələrin rəhbərləri çıxış edərək görülən işlər və çətinliklər barədə məlumat veriblər. Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tövsiyə və tapşırıqlar verib.
Mətbuat xidməti