Şirvan Şəhər İcra Hakimiyyətində ötən dövr ərzində görülmüş işlər müzakirə edilib.
31 oktyabr 2023-cü il tarixində şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, məsul əməkdaşlarının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhərdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Öncə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov müşavirəni giriş sözü ilə açaraq, Şirvan şəhərində son zamanlarda aparılan abadlıq-quruculuq işlərindən, yeni infrastruktur layihələrinin icrasından, Şirvan şəhərində 2023-cü ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafından danışıb. Dövlət başçısı tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar şəhər ərazisində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirib ki, 2023-cü ilin 9 ayı ərzində Şirvan şəhəri üzrə ümumi məhsul buraxılışı 545 milyon 748,0 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.0 faiz çoxdur. Ümumi məhsul buraxılışında xüsusi çəkiyə malik olan sənaye sahələrində məhsul istehsalı və xidmətlərin göstərilməsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 387 milyon 247,6 min manat olmuşdur. Sənaye məhsulunun (xidmətlərin) 35,4 faizi mədənçıxarma, 17,3 faizi emal, 46,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı sahəsində, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində istehsal olmuşdur. Əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 2023-cü ilin 9 ayı ərzində şəhərin İ.Qayıbov, Füzuli, 1 May, M.Aydınov, M.S.Ordubadi, Neftçilər, Naxçıvan, N.Nərimanov, Xəqani, 20 Yanvar, T.İsmayılov, M.Qədirov, S.Zeynalov, M.Ə.Rəsulzadə, G.Şıxbalaoğlu, Mehmandarov və M.Mirzəyev küçələrində müxtəlif diametrli 4474,0 p/m qaz xətti çəkilmiş, 724 ədəd fərdi qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Şəhərin elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə müxtəlif güclü 123 ədəd transformator məntəqəsi cari təmir edilmiş, 142 ədəd yeni sayğac quraşdırılmış, 38 ədəd yararsız sayğac yenisi ilə əvəz olunmuşdur. Bundan əlavə şəhərin Maarif Aydınov, Taleh Ələkbərov, Tahir Bağırov və Vidadi küçələrində yaşayan sakinlərin həyətyanı sahəsindən keçən 35 kv-luq 754-1, 754-2 və 756 saylı yüksək gərginlikli elektrik hava xətlərinin yerinin dəyişdirilməsinə və kabel xətləri ilə əvəz olunmasına başlanılmış, 35 kv-luq xətlər üçün 70 ədəd yeni metal dayaq quraşdırılmışdır. Şəhərin içməli su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədilə Dövlət proqramına uyğun olaraq cari ilin 9 ayında müxtəlif diametrli 10505 p/metr su xətti, 3043 p/metr kanalizasiya xətti çəkilmişdir.
Sonra çıxış edən şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Şaiq Şıxəliyev Şirvan şəhərinin Baş planında şəhər ərazisində baş verə biləcək təbii fəlakət-subasma hallarının qarşısının alınması istiqamətində görülmüş mühəndis hazırlığı işlərinin vəziyyəti və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib.
Şəhər İcra Hakimiyyəti başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Orxan İbrahimov çıxış edərək, şəhərin içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulmasının vəziyyəti barədə məlumat verib. Bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı Şirvan şəhərində “Azərsu” ASC tərəfindən su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmış, cari ildə şəhərin küçə və prospektlərində kanalizasiya xətlərinin çəkilməsi, mexaniki su sayğaclarının quraşdırılması işləri davam etdirilmişdir.
Sonra geniş müzakirələr aparılıb, aidiyyəti idarə və müəssisələrin rəhbərləri çıxış edərək görülən işlər və çətinliklər barədə məlumat veriblər.
Sonda şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Yeniləşən Şirvan” sosial iqtisadi inkişaf proqramı, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən “Yeni Şirvan” yaşayış kompleksi, şəhərin 74 küçəsinin işıqlandırılması və nəzərdə tutulan abadlıq-quruculuq işləri haqqında geniş məlumat verərək, nöqsanların aradan qaldırılması və icrası nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.