Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətində şəhər təsərrüfatında vəziyyət və infrastruktur layihələr müzakirə olunub 19.09.2023

19 sentyabr 2023 | 18:40

19 sentyabr 2023-cü il tarixində şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, məsul əməkdaşlarının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhər təsərrüfatında vəziyyət və infrastruktur layihələr müzakirə edilib.

Öncə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini qeyd edərək, Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər barədə məlumat verib. Əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Şirvan şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa ediləcək "Yeni Şirvan" yaşayış kompleksinin tikintisinə hazırlıq işlərinin başlanıldığını diqqətə çatdıraraq, hazırda ərazidə səyyar beton zavodun quraşdırıldığını və elektrik xətlərinin çəkildiyini bildirib.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna daim sadiqlik nümayiş etdirən, qazandığı nailiyyətləri ilə suveren Azərbaycan Respublikasının iqtisadi qüdrətinin artırılmasında yaxından iştirak edən şəhərimizin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyinin qeyd edilməsinə hazırlıqla əlaqədar bir sıra işlər görüldüyünü, şəhər İcra Hakimiyyəti başçısının 24.08.2023 tarixli, 201 nömrəli “Şirvan şəhərinin 60 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə Şirvan şəhərinin 60 illik yubileyi ilə əlaqədar Təşkilat Komitəsi və Təşəbbüs qrupu yaradıldığını, “Tədbirlər Planı”nın təsdiq edildiyini diqqətə çatdırıb.

Sonra şəhər İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov çıxış edərək, şəhər təsərrüfatında vəziyyət və infrastruktur layihələr barədə məlumat verib. Bildirib ki, 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Ulu öndərin adını daşıyan park və meydanda yenidənqurma, əsaslı və cari təmir işləri aparılmış, Heydər Əliyev parkında mövcud işıqlandırma sistemində yeni yeraltı elektrik xətləri çəkilmiş, qənaətli led plafonlar və lampalar quraşdırılmış, işıq dirəkləri rənglənmişdir. Şəhərin mərkəzində yerləşən Heydər Əliyev meydanındakı fəvvarə əsaslı təmir olunmuş, sualtı lampalar və elektrik naqilləri yenilənmiş, yeni transformatorlar quraşdırılmışdır.

Şəhər ərazisində ağacların (sərv, şam, tuya,  leylandr və s.) kütləvi quruması və bioloji inkişafdan qalması səbəblərinin araşdırılması məqsədilə Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən 9 dekabr 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmuş, nazirliyin aidiyyəti nümayəndələrinin şəhər ərazisində araşdırması nəticəsində ağacların vəziyyəti ilə bağlı verilmiş rəydə “Orthotomicus erosus” qabıq böcəklərinin və “Leucaspis pusilla” adi şam yastıcasının eldar şamı ağaclarına ciddi zərər vurduğu və ağacların quruyaraq sıradan çıxdığı müəyyən olunmuşdur. Qurumuş və qurumaqda olan ağacların həm xəstəliyi yaydığı, həm də ətrafdakılar üçün təhlükə mənbəyi olduğu bildirilmiş, operativ olaraq kəsilib götürülməsi və utilizasiya olunması tövsiyə edilmişdir.

Qeyd olunanları nəzərə alaraq, şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən şəhərin Heydər Əliyev prospektində, Heydər Əliyev parkında və digər ərazilərdə xəstəliyə yoluxmuş ağacların kəsilərək utilizasiyası işləri təmin edilmişdir.

 

Daha sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, aidiyyəti idarə və müəssisələrin rəhbərləri çıxış edərək görülən işlər və çətinliklər barədə məlumat veriblər. Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Keçidlər