Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı 1 nömrəli tam orta məktəbdə yaradılan “Zəfər” sinif-muzeyi ilə tanış olub.

24 may 2022 | 16:59

24 may 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhər İcra Hakimiyyəti başçısının müavinləri ilə birlikdə S.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə yaradılan “Zəfər” sinif-muzeyi ilə tanış olub.
    “Zəfər” sinif-muzeyi Şirvan şəhərinin I Qarabağ müharibəsi və 44 günlük Vətən Müharibəsi qəhrəmanlarının xatirələrini əbədiləşdirmək məqsədi ilə 8 Noyabr Zəfər Gününə həsr olunub. Muzeydə Şanlı Zəfər tariximizi əks etdirən, Birinci və İkinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn şəhərimizin qəhrəman övladlarının, Vətən müharibəsində iştirak edən məktəbin müəllim və məzunlarının foto-stendləri, işğaldan azad olunan torpaqlarımızın elektron xəritə üzərində əks olunduğu məlumat lövhəsi, tarixi zəfərin simvolları olan “Dəmir yumruq” və “Xarı bülbül” barelyefləri, həmçinin döyüş səhnələrini və Qarabağın tarixi abidələrini əks etdirən şagirdlərin əl işlərindən ibarət maketlər və digər eksponatlar nümayiş olunur.
    Məktəbin direktoru Rəfiqə Atayeva sinif-muzey barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, “Zəfər” sinif –muzeyi məktəbin şəhid məzunu Elnur Qarayevin adını daşıyır. Muzey şəhidin oxuduğu sinif otağında yaradıllb, onun şəxsi əşyaları xatirə olaraq muzeyin xüsusi guşəsində  sərgilənir. Sinif muzeyi həmçinin elektron lövhə, kompüter və proyektorla təhciz edilib. 9-cu sinif şagirdləri üçün “Zəfər Tarixi” dərsləri  “Zəfər” sinif muzeyində tədris olunur. Muzeydə həmçinin vətənpərvərlik mövzusunda müxtəlif tədbirlər, təqdimatlar, nümunəvi dərslər, seminarlar təşkil edilir. 
    Sinif-müzeyi ilə tanışlıq zamanı Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında rəşadətli Ordumuzun qazandığı tarixi qələbədən söz açıb. Xalqımızın yaddaşına həkk olunan “Zəfər salnaməsi”nin hər sətirinin torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qazilərimizin qanı ilə yazıldığını bildirib. Xalqımıza böyük Zəfərin qürurunu, sevincini yaşadan şəhidlərin – qəhrəman vətən övladlarının  əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman uca tutulacağını, keçdikləri qəhrəmanlıq yolunun yetişməkdə olan yeni nəsillər üçün örnək olacağını  qeyd edib.

Mətbuat xidməti

Keçidlər