Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı 4 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar görüş keçirib.
20 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Arif Hüseynzadə adına 4 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib. Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamladıqdan sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi, tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı pandemiyanın yaratdığı çətinliklərdən və ölkəmizin virusa qarşı mübarizəsindən bəhs edib. 44 günlük Vətən müharibəsinin müxtəlif məqamlarından, Müzəffər Ali Baş Komandanın müəllifi olduğu “Dəmir yumruq” əməliyyatından, rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Zəfər yürüşündən danışıb. Ərazi bütövlüyümüzün möhkəmləndirilməsi, ölkəmizin milli maraqlarının müdafiəsi, iqtisadi inkişafı ilə bağlı ölkə başçısının diplomatik görüşləri, beynəlxalq forumlardakı qətiyyətli çıxışları, türk xalqları ilə qardaşılıq münasibətlərinin daha da gücləndirilməsi zəminində mövqeyi barədə sakinlərə ətraflı məlumat verib. İşğaldan azad edilmiş rayonlarda həyata keçirilən abadlıq-quruculuq işlərindən, ölkə başçısının yeni infrastruktur layihələrinin təməlqoyma mərasimlərindəki iştirakından söz açıb. Ermənilər tərfindən dağıdılmış ərazilərin qısa müddətdə yenidən dirçəldiləcəyini, bu sahədə də ölkəmizin dünyaya nümunə olacağını bildirib. Bu gün işğaldan azad edilməsinin 2-ci ildönümü tamam olan Zəngilanda Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakının ölkələrimiz arasında dostluq və qardaşlığın növbəti təzahürü olduğunu vurğulayıb. “Ağıllı kənd” layihəsinin ilk nümunəsi olan Zəngilanın Ağalı kəndinə əhalinin köçürülməsinə start verildiyini, sakinlərin yüksək keyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunduqlarını qeyd edib. Əhalinin sosial rifah halının yüksəldilməsi sahəsində qəbul edilmiş qərarları və qarşıda duran vəzifələri diqqətə çatdırıb. Ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində səmərəli işlər görüldüyünü, Şirvan şəhərində də şəhid və qazi ailələrinin daim diqqətdə saxlanıldığını, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü bildirib. Şəhər ərazisində su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfaltlanması, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, seçiçiləri ilə müntəzəm görüşdüyünü, şəhər sakinlərinin problem və qayğılarına yaxından bələd olduğunu, onların müsbət həlli üçün çalışdığını qeyd edib. Şirvan şəhərinin yaxın gələckdə daha da inkişaf edəcəyini, ölkənin ən gözəl şəhərlərindən birinə çevriləcəyini bildirb. Sonra sakinlərin müraciət və problemləri dinlənilib. Görüşdə əsasən işsizlik və mənzil məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti