Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı 5 nömrəli ümumi orta məktəbdə şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib.
09 iyun 2022 | 15:46
Şirvan Şəhər İcra Hakimiyyətində təsdiq edilmiş qrafikə uyğun olaraq 9 iyun 2022-ci il tarixdə 5 nömrəli ümumi orta məktəbin akt zalında vətəndaşlarla növbəti səyyar görüş keçirilib.
Görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Görüşdən öncə Şəhər İcra Hakimiyyətinin başçısı, millət vəkili və Şəhər İcra Hakimiyyəti başçısının müavinləri məktəbin foyesində məktəblilərin 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş əl işlərindən ibarət sərgi ilə tanış olub.
Səyyar görüşün əvvəlində ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş işirakçılarını salamladıqdan sonra, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən, əsgər və zabitlərimizin şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edərək, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərə şəfa diləyib. İki il müddətində pandemiyanın yaratdığı çətinliklərdən, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərindən, yeni modul tipli xəstəxanalrın yaradılmasından, səhiyyə ocaqlarının müasir tibbi avadanlıqlarla təchiz edilməsindən, xüsusilə vaksinasiyanın uğurla həyata keçirilməsindən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarlarının icrası barədə ətraflı məlumat verib. Azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin uğurla davam etdirildiyini vurğulayıb. Dövlət başçısının 17 illik fəaliyyəti nəticəsində Azərbaycanın ədalətli mövqeyinin və həqiqətlərinin beynəlxalq aləmdə geniş təbliğ edildiyini, BMT-nin 4 qətnaməsinin ölkəmizin güclü ordusu hesabına yerinə yetirildiyini bildirib. Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Leyla xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən keçirilən tədbirlərdən, humanitar forumlardan, dövlət başçısının dünyanın nüfuzlu informasiya agentliklərinə, televiziya kanallarına verdiyi müsahibələrdən, bu müsahibələrdə müxbirlərin təxribat xarakterli suallarını onların öz ölkələrinin timsalında fakt və arqumentlərlə cavablandırmasından danışıb. Ölkəmizin hər bir bölgəsində, xüsusilə azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işlərinin hər bir vətəndaşımızda qürur və sabaha inam hissi yaratdığını bildirib. Erməni vandallarının 30 il ərzində dağıtdığı ərazilərdə qısa müddətdə dünya standartlarına cavab verən yeni avtomobil yollarının, beynəlxalq aeroportların, otellərin tikintisi, tarixi-memarlıq abidələrinin bərpası, “ağıllı kənd” layihələrinin reallaşdırılması həmin torpaqların həqiqətən azərbaycanlıların dədə-baba yurdları olduğunun bir daha sübutu olduğunu qeyd edib. Dövlət başçısının təşəbbüsü ilə paytaxtda “Çəmbərəkənd” parkının salınmasının, Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində atılan ən mühüm addımlardan biri olduğunu vurğulayıb. Şirvan şəhərində də geniş tikinti, abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, park və yaşıllıq zolaqlarının salındığını, mərkəzi və məhəllədaxili yolların asfaltlandırıldığını, küçələrin işıqlandırıldığını, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulduğunu, bir sıra sosial layihələrin reallaşdığını diqqətə çatdırıb. Dövlət səviyyəsində görülən işlərin, atılan addımların hər birinin vətəndaş məmnunluğunun artırılmasına, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə xidmət etdiyni söyləyib.
Millət vəkili İltizam Yusifov Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerindən, regionun əsas söz sahibi olmasından, hazırda həyata keçirilən layihələrin dövlətimizə və xalqımıza xeyrindən danışıb. Şəhər sakinlərinin narahat edən əsas məsələlərin həlli ilə bağlı Milli Məclisdə qanun layihələrinin müzakirəsi zamanı fikir bildirdiyini və onların müsbət həlli istiqamətində müəyyən işlər görüldüyün diqqətə çatdırıb.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən şəhər sakinləri ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti