Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı avqust ayının sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edib, şəhid ailələri ilə görüşüb.

31 avqust 2023 | 16:57

Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı Şirvan şəhərində də yüksək hörmət və ehtiramla davam etdirilir. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, həlli istiqamətində müvafiq tapşırıqlar verir. 31 avqust 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, din xadimləri və şəhid ailələri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib. Öncə Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Sonra Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ailələrinə səbir dilənib. Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksini ziyarət etdikdən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri ilə şəhər İcra Hakimiyyətində görüşüb, onlara belə vətənpərvər, şücaətli, mərd oğullar böyütdükləri üçün təşəkkürünü bildirib. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını, öz qanları ilə tarix yazan igidlərin adlarının tarixə əbədi həkk olunduğunu diqqətə çatdırıb. Şəhid ailələrinin dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətində olduğunu, onların sosial problemlərin həlli məqsədilə müvafiq dövlət siyasətinin həyata keçirildiyini qeyd edib. Bu diqqət və qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini, onların əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim uca tutulacağını vurğulayıb. Sonra görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Gülüstan Əliyevanın hazırladığı şəhid Süleyman Bağırova həsr olunmuş qısametrajlı film təqdim edilib. Film görüş iştirakçıları və şəhid ailələri tərəfindən rəğbətlə qarşılanıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqlara və şəhidin ailə üzvlərinə 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi”nin xatirə hədiyyəsini və şəhidin həyat yoldaşına qızı Nilufər Bağırovanın portretini təqdim edib. Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib və aidiyyəti üzrə həlli üçün müvafiq tapşırıqlar verib. Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, Mehriban xanım Əliyevaya təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Keçidlər