Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Bayraq meydanında təmir-bərpa işlərilə tanış olub.
09 noyabr 2022 | 13:55
9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhərmanov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, müharibə iştirakçıları ilə birlikdə Şirvan şəhər Bayraq meydanında başa çatan təmir-bərpa işləri ilə tanış olub.
Qeyd edək, Bayraq meydanında işıqlandırma sistemi əsaslı şəkildə yenidən qurulub. 12 ədəd 5 metrlik yeni işıq dirəkləri quraşdırılıb, 1 metrlik dirəklər təmir olunub, kabel xətləri yenilənib. Meydanın döşəməsində, pilləkən hissəsində və oturacaqlarda təmir işləri aparılıb. Bayraq dirəyinin baza hissəsində yerləşən dövlət gerbi, himni və xəritəsi əks olunan lövhələr təmir olunub. Əraziyə yaşıllıq və güll kolları əkilib.
Görülən işlərlə tanışlıqdan sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Üçrəngli bayrağımızın ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildiyini, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etdiyini xatırladıb. Ölkə Prezidenti cənab İlham Əliyevin xalqımızın mənəvi dəyərlərinə və dövlət rəmzlərinə böyük önəm verdiyini, Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı gününün təsis olunmasının bunun bariz nümunəsi olduğunu qeyd edib. İşğaldan azad edilən torpaqlarımızda üçrəngli dövlət bayrağımızın dalğalanmasından hər bir vətəndaşımızın qürur hissi keçirdiyini vurğulayıb. Dövlətimizin müstəqilliyi, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyib. Bayrağımızın hər zaman vüqarla dalğalanmasını arzulayıb.
Mətbuat xidməti