Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı ənənəvi olaraq bu ayın sonuncu cümə axşamı da şəhid ailələri ilə görüşüb.
Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı Şirvan şəhərində də yüksək hörmət və ehtiramla davam etdirilir. Şəhidlərin doğum və anım günləri şəhər rəhbərliyinin, ictimaiyyətin və ailələrinin iştirakı ilə tədbirlərlə qeyd olunur, bu münasibətlə ailələri evlərində ziyarət edilir, şəhidlərin xatirələri yad edilməklə ruhlarına ehtiram göstərilir. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, həlli istiqamətində müvafiq tapşırıqlar verir. 27 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, din xadimləri, şəhid ailələri ilə birlikdə oktyabr ayının sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarət zamanı öncə Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Sonra Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ailələrinə səbr dilənib. Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksini ziyarət etdikdən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri ilə görüşüb, onlara belə vətənpərvər, şücaətli, igid oğullar böyütdükləri üçün təşəkkürünü bildirib. 44 günlük Vətən müharibəsinin şərəfli məqamlarından söz açaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun hərbi əməliyyatlarda nümayiş etdirdiyi hünərlərdən və qəhrəmanlıqlardan danışıb. Vətən müharibəsi ərəfində şirvanlı gənclərin könüllü olaraq orduya yazılmaq üçün səfərbər olmasından, həm ön cəbhədə, həm də arxa cəbhədəki vətənpərvərliklərindən bəhs edib. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını, öz qanları ilə tarix yazan igidlərin adlarının tarixə əbədi həkk olunduğunu bildirib. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, həssas münasibətdən söz açıb, bu qayğının Şirvan şəhərində yüksək səviyyədə davam etdirildiyini vurğulayıb. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işlərindən bəhs edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb və bu barədə çıxış etmələri üçün onlara söz verib. İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin qaldırdığı məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara zəruri tapşırıqlar verib. Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər. Sonda şəhər məscidinin imamı Əvəz Mehrəliyev Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.
Mətbuat xidməti