Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı ənənəvi olaraq bu ayın sonuncu cümə axşamı şəhid ailələri ilə görüşüb.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, həlli istiqamətində müvafiq tapşırıqlarını verir.
26 may 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri ilə birlikdə may ayının sonuncu cümə axşamı Şirvan Şəhidlər Xiyabanını ziyarət edib.
Öncə Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin şərəfinə ucalan abidənin önünə gül-çiçək dəstələri düzərək, xatirələrini ehtiramla yad ediblər.
Bu gün cənnətdə 50 yaşı qeyd edilən Birinci Qarabağ müharibəsinin şəhidi Mübariz İsrayilovun məzarı ziyarət olunub, ailə üzvlərinə səbr dilənib. Şəhidin məzarı önündə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, 18 nömrəli məktəbin direktoru İsmayıl Usubov, şəhidin döyüş yoldaşları, ailə üzvləri Mübarizin döyüş yolundan, qəhrəmanlığından söz açıblar.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Şəhid anası” memorial abidə kompleksinin önündə şəhid ailələri ilə görüşüb, onlara belə vətənpərvər, şücaətli, igid oğullar yetişdirdikləri üçün təşəkkürünü bildirib. Xalqımızın tarixinə şərəflə yazılan 44 günlük Vətən müharibəsindən söz açaraq, Şanlı Qələbənin ən başlıca səbəbinin ölkə Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının, milli birliyin, döyüşçülərimizin qəhrəmanlığının, vətənpərvərliyinin, ruh yüksəkliyinin olduğunu diqqətə çatdırıb. Azərbaycan Ordusu tərəfindən döyüşlərdə ən müasir silahlardan peşəkarlıqla istifadə edildiyini, yüksək dağlıq şəraitdə, sıldırım qayalıqlarda həyata keçirilən əməliyyat nəticəsində Şuşanın ermənilərdən təmizlənməsinin Azərbaycanın hərb tarixinə şərəfli səhifə kimi yazıldığını qeyd edib. Azad edilmiş, məhv edilmiş infrastrukturun yenidən qurulmasını hər birimizdə qürur hissi doğurduğu söyləyib. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb, bu qayğının Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işlərindən bəhs edib. Şəhidlər Xiyabanında şəhid analarının şərəfinə yaradılan “Şəhid anası” memorial abidə kompleksinin şücaətli və vətənpərvər oğulları yetişdirən və onları Vətən uğrunda qurban verən analara ehtiramın bariz nümunəsi olduğunu bildirib. Ənənəvi olaraq, şəhidlərin doğum və anım günlərində Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri ilə birlikdə Şəhidlər Xiyabanının ziyarət olunduğunu, onların xatirəsinin daim hörmət və ehtiramla yad edildiyini vurğulayıb. “Şəhid adının əbədiləşdirilməsi haqqında“ qanununa uyğun olaraq 5 Vətən müharibəsi şəhidinin adının yaşadıqları küçələrə verilərək əbədiləşdirildiyini qeyd edib. Şəhid ailələrinə göstərilən həssas münasibətin davam etdiyini, bu günki görüşün həmin diqqətin bir hissəsi olduğunu bildirib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb və bu barədə çıxış etmələri üçün onlara söz verib. Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər. İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin qaldırdığı məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara zəruri tapşırıqlar verib.
Sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalıyla təltif olunmuş Şirvan şəhidləri Məmmədli Cavid Natiq oğlu, Hüseynov Nicat Ziyafət oğlu, Mənəfli Əli Əflan oğlu, İsmayılzadə Şəhriyyar Əkbər oğlu, “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Balayev Elvin Azadxan oğlunun medal və vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Sonda şəhər məscidinin imamı Əvəz Mehrəliyev Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.
Mətbuat xidməti