Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı ənənəvi olaraq sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edib.
26 yanvar 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Ramil Əhmədov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, ictimai birliklərin sədrləri, xidmət təşkilatlarının rəhbərləri və şəhid ailələri ilə birlikdə ənənəvi olaraq hər ay olduğu kimi yanvar ayının sonuncu cümə axşamı Şirvan Şəhidlər Xiyabanını ziyarət edib. Öncə I Qarabağ müharibəsi zamanı Şirvan şəhərindən itkin düşənlərin xatirəsinə ucaldılan abidə önünə tər qərənfillər qoyulub, xatirələri ehtiramla yad edilib. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, ailələrinə səbr dilənib. Ziyarətdən sonra “Şəhid anası” memorial abidə kompleksinin önündə şəhid ailələri ilə görüş keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid valideynlərini salamlayıb, onlara Vətənimiz üçün, xalqımız üçün vətənpərvər, şücaətli, mərd oğullar böyütdükləri üçün təşəkkürünü bildirib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim uca tutulacağını vurğulayıb. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb, bu qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işlərindən danışıb, bütün şəhidlərin məzarüstü abidələrinin eyni layihə əsasında yenidən quraşdırılmasından, vaxtilə yaşadıqları məhəllədə xatirə guşələrinin yaradılmasından, xüsusilə şəhid analarının şərəfinə qurulan “Şəhid anası” memorial abidə kompleksindən, Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında salınan Zəfər və Qarabağ xiyabanlarından, müharibədə həlak olan bütün əsgər və zabitlərimizin şərəfinə ucaldılan Zəfər abidəsindən bəhs edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Şirvandan olan 9 Vətən müharibəsi şəhidinin ordenlə təltif edildiyini, onların adlarınının yaşadıqları küçələrə verildiyini diqqətə çatdırıb. Şəhidlərimizin əlamətdar günlərdə, xüsusilə doğum və anım günlərində məzarlarının ziyarət olunmasının, ailələrinə mütəmadi həssaslıq göstərilməsinin şəhid ruhlarına ali ehtiramın nəticəsi olduğunu qeyd edib. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb və bu barədə çıxış etmələri üçün sözü onlara verib. Tədbirdə iştirak edən şəhid valideynləri də onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Görüşdə qaldırılan məsələlər əsasən, şəhid adlarının əbədiləşdirilməsi, xüsusilə adlarının küçələrə, məktəblərə verilməsi, orden və medallarla təltif olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma və sair ilə bağlı olub. Şəhid adlarının verilməsinin “Şəhid adlarının əbəiləşdirilməsi haqqında Qanun”a əsasən tənzimləndiyi, işlə təminat məsələsində şəhid ailələrinə öncüllük verildiyi, digər məsələlərlə bağlı dövlət səviyyəsində proqramlar və layihələr həyata keçiriləcəyi barədə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən şəhid ailələrinə geniş məlumat verilib. Ziyarətin sonunda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev Ulu Öndərin və vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Mətbuat xidməti