Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlaxır çərşənbə münasibətilə şəhid ailəsinin yaşadığı məhəllədə sakinlərlə görüş keçirib.
14 mart 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, şəhərin idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları ilə birlikdə İlaxır çərşənbə münasibətilə Vətən müharibəsinin şəhidi Mənəfli Əli Əflan oğlunun ailəsinin yaşadığı Sahib Zeynalov 17 saylı binanın sakinləri ilə görüş keçirib. Görüşdə şəhidin ailə üzvləri də iştirak edib.
İlqar Abbasov İlaxır çərşənbə münasibətilə şəhid ailələri, müharibə iştirakçıları başda olmaqla şəhər sakinlərini təbrik edib, onlara sağlam həyat, ruzi-bərəkət, sevinc dolu günlər arzulayıb. Artıq 3-cü ildir ki, Novruz bayramını Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən Qələbə əhval-ruhiyyəsində qarşıladığımızı qeyd edib. Əlamətdar günlərdə şəhidlərimizin ailə üzvlərinin ziyarət edilməsinin və onlara mənəvi dəstək göstərilməsinin Şirvan şəhərində ənənə halını aldığını vurğulayıb. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyib. Belə görüşlərin bayram günlərində şəhidlərin vaxtilə yaşadığı məhəllədə keçirilməsinin onların ruhuna hörmət və ehtiramın ifadəsi olduğunu qeyd edib. Şəhər ərazisində aparılan abadlıq-bərpa və yenidənqurma işlərindən, yenidən qurulan Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkından, Leyla Əliyevanın təşəbbüsü ilə "İDEA" İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində regionlardan ilk dəfə şəhərimizdə yaradılan abad məhəllədən söz açaraq şəhidlərimizin vaxtilə yaşadıqları küçələrin abadlaşmasına və işıqlandırılmasına xüsusi diqqət göstərildiyini söyləyib. Şəhər ərazisində 76 çoxmənzilli binadan 73 binanın zirzəmisinin çirkab sulardan təmizləndiyini, o sıraya Sahib Zeynalov 17 saylı binanın da daxil olduğunu, nəzərdə tutulan 156 küçədən 127 küçədə işıqlandırılmanın başa çatdığını bildirib. 2020-ci ildə 27, 2021-ci ildə 39, 2022-ci ildə 10 küçənin asfaltlandığını diqqətə çatdırıb. Məhəllələrin abadlaşması işlərinin davam edəcəyini və şəhərimizin simasının daha da gözəlləşəcəyini vurğulayıb.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinləri ilə səmimi söhbət zamanı onları narahat edən problemlərlə tanış olub. Bina sakinləri yaxınlıqda uşaqlar üçün oyun meydançasının yaradılmasını, binanın arxa hissəsindəki yolun kənarında piyada səkisinin salınmasını xahiş ediblər. Qaldırılan məsələlərin həll olunması məqsədilə əraziyə baxılması və vəziyyətin dəyərləndirilməsi üçün aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Sakinlər göstərilən diqqət və qayğıya, vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə ölkə Presidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Mətbuat xidməti