Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı ilin sonuncu cümə axşamında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şəhid ailələri ilə görüşüb.

29 dekabr 2022 | 16:51

2022-ci il ərzində şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı Şirvan şəhərində də yüksək hörmət və ehtiramla davam etdirilib. İl boyu şəhidlərin doğum və anım günləri şəhər rəhbərliyinin, ictimaiyyətin və ailələrinin iştirakı ilə tədbirlərlə qeyd olunub, bu münasibətlə ailələri evlərində ziyarət edilib, onları narahat edən qayğıları yerində öyrənilib, həlli üçün müvafiq tədbirlər görülüb, şəhidlərin xatirələri yad edilməklə ruhlarına ehtiram göstərilib. Ənənəvi olaraq hər ayın sonuncu cümə axşamında olduğu kimi, dekabr ayının və ilin son cümə axşamında da Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, din xadimləri, şəhid ailələri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarət zamanı öncə Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Sonra Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilənib. Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksini ziyarət etdikdən sonra “Sərvət şadlıq sarayı”nda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışıb.  Şanlı Zəfərdə payı olan şirvanlı gənclərin ölkə başçısının səfərbərliklə bağlı çağırışına könüllü olaraq əzmlə və yüksək əhval ruhiyyə ilə qoşulduqlarını, hərbi əməliyyatlarda əfsanəvi qəhrəmanlıqlar və hünərlər nümayiş etdirdiklərini xatırladıb.  Şəhidlərimizin əziz xatirəsinin tarix boyu daim qəlblərdə yaşayacaqlarını vurğulayıb və şəhid valideynlərinə vətənpərvər, şücaətli, igid oğullar böyütdükləri üçün təşəkkürünü bildirib. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan, qazilərin dünyanın ən mütərəqqi xəstəxanalarında müalicəsi, reabilitasiyası, yenidən cəmiyyətə inteqrasiyası üçün həyata keçirilən tədbirlərdən söz açıb, bu qayğının Şirvan şəhərində yüksək səviyyədə davam etdirildiyini vurğulayıb. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri, onların hər birinin ölkə başçısı tərəfindən bir neçə medala layiq görüldüyünü, Zəfər Günü ərəfəsində növbəti 3 şəhidimizə də orden verilməklə Şirvandan 9 Vətən müharibəsi şəhidinin ordenlə təltif edildiyini, adlarının küçələrə verildiyini, digər şəhidlərin də adlarının əbədiləşdiriləcəyini diqqətə çatdırıb. Şəhidlər Xiyabanında ardıcıl abadlıq-quruculuq işlərinin aparıldığını, qısa müddətdə geniş və möhtəşəm ziyarətgaha çevrildiyini, şəhidlərin hər birinin yaşadığı məhəllədə xatirə guşələrinin, oxuduqları məktəbdə adlarına sinif otaqlarının yaradıldığını, əlamətdar günlərdə onların xatirəsinə həsr olunmuş şəhər tədbirlərinin keçirildiyini qeyd edib. Bundan sonra da şəhidlərimizə və qazilərimizə dövlət qayğısının davam etdiriləcəyini bildirib və qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara sağlamlıq, xoş əhval-ruhiyyə, növbəti ildə ölkəmizə əmin-amanlıq, tərəqqi arzulayıb. Həmrəylik gününü Azərbaycan xalqına bəxş edən Ulu öndərin arzularının gerçəkləşdiyini, 44 günlük müharibədə xalqımızın dövlət başçısının ətrafında “Dəmir yumruq” kimi birləşərək, tarixi torpaqlarımızı azad etdiyini, şəhidlərimizin qanının yerdə qalmadığını, bu gün də dünya azərbaycanlılarının həmrəy və həmfikir olduqlarını qeyd edib. Sonra millət vəkili İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və şəhid Zeynal Zülfüqarlının atası Alim Zülfüqarlı çıxış edərək, xalqımızın 44 günlük müharibə ilə bütün dünyaya böyük, güclü, tarixinə hörmət edən xalq olduğunu göstərdiyini qeyd ediblər. Dövlət başçısının və Birinci vitse-prezident, hörmətli Mehriban xanımın şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdikləri həssas münasibətdən söz açıblar. Bu gün damarında azərbaycanlı qanı axan hər kəsin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin unudulmayacağını vurğulayıblar. Qarşıdan gələn yeni təqvim ili və Həmrəylik günü münasibətilə şəhid ailələri başda olmaqla xalqımıza xoş günlər arzulayıblar. Sonda Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə 2022-ci il ərzində şəhid ailələri ilə keçirilən görüşlərin, şəhidlərimizə həsr olunmuş tədbirlərin bəzi məqamlarını əks etdirən videoçarx nümayiş olunub.

 

Mətbuat xidməti

Keçidlər