Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 16 nömrəli tam orta məktəbdə sakinlərlə səyyar qəbul-görüş keçirib.

18 avqust 2022 | 15:56

18 avqust 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 16 nömrəli tam orta məktəbdə sakinlərlə səyyar qəbul-görüş keçirib. Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamladıqdan sonra ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək, ölkə başçısının göstərişi ilə bu ilin mart ayından fərdi və səyyar qəbulların bərpa olunduğunu, hər həftə şəhərin müxtəlif ərazilərində  vətəndaşlarla görüşlərin təşkil edildiyini bildirib. 2 il əvvəl dünyada pandemiyanın geniş yayılmasına baxmayaraq, ölkə başçısının düşünülmüş siyasəti nəticəsində respublikamızın koronavirus infeksiyası ilə mübarizədən az itkilərlə çıxdığını, dövlət səviyyəsində dünyaya nümunə ola biləcək addımlar atıldığını xatırladıb və yenidən yoluxmamaq üçün vətəndaşlara diqqətli və məsuliyyətli olmağı tövsiyə edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində Şanlı Azərbaycan Ordusunun qazandığı Şanlı Zəfərdən söz açaraq, ölkə başçısının səfərbərliklə bağlı çağırışına Şirvanın minlərlə gəncinin böyük ruh yüksəkliyi ilə qoşulduğunu və Qələbənin əldə edilməsində şirvanlı gənclərində də payı olduğunu vurğulayıb. İşğaldan azad edilmiş ərazilərdə sürətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrinin dövlət başçısının qətiyyətinin və iradəsinin təcəssümü olduğunu diqqətə çatdırıb. Həmçinin, ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də geniş abadlıq-quruculuq işlərinin aparıldığını, küçələrin işıqlandırıldığını, asfaltlandırıldığını, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulduğunu, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə nümunəvi məhəllələrin, yeni yaşıllıq zolaqlarının salındığını, sosial layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Şəhidlər Xiyabanında ardıcıl aparılan təmir-bərpa işlərinin qürur yerimiz olan müqəddəs məkana, şəhidlərimizin xatirəsinə göstərilən sonsuz diqqət və ehtiramın təcəssümü olduğunu vurğulayıb. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb. Dövlət səviyyəsində görülən işlərin, atılan addımların vətəndaş məmnunluğunun artmasına, əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət etdiyini bildirib. Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, respublikamızın bütün bölgələrində aparılan abadlıq-quruculuq işləri ilə bahəm, vətəndaşların işsizlik, mənzil, sağlamlıq, pensiya təminatı və digər məsələlərlə bağlı dövlət səviyyəsində gələcəkdə mühüm tədbirlərin nəzərdə tutulduğunu qeyd edib. Sonra sakinlərin müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

 

 

Mətbuat xidməti

Keçidlər