Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Anım Günü ərəfəsində şəhid ailələrini və müharibə əlillərini ziyarət edib.

23 sentyabr 2026 | 18:49

27 sentyabr - Anım Günü ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş Şirvan şəhərindən olan şəhidlərimizin ailələri və müharibə əlilləri ziyarət olunub.

Ziyarətdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, Şirvan Bələdiyyəsinin sədri İlham Səfərov, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Canəli Nəbiyev, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva və Aparatın əməkdaşları iştirak ediblər.

Görüşlər zamanı şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı vurğulanıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri və müharibə əlillərinin qayğıları ilə maraqlanıb, qaldırdıqları məsələlərin nəzarətdə saxlanacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.  

Səmimi söhbət şəraitində keçən görüşlərdə şəhid ailələrinin üzvləri və müharibə əlilləri göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər