Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Bayramlı qəsəbəsində sakinlərlə səyyar qəbul-görüş keçirib.

25 avqust 2022 | 17:08

25 avqust 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Bayramlı qəsəbəsində sakinlərlə səyyar qəbul-görüş keçirib. Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamladıqdan sonra ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək, 2 il müddətində karonavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar sərt karantin tədbirlərinin həyata keçirildiyini, ölkə başçısının düşünülmüş siyasəti nəticəsində respublikamızın pandemiya ilə mübarizədən az itkilərlə çıxdığını, dövlət səviyyəsində dünyaya nümunə ola biləcək addımlar atıldığını xatırladıb və yenidən yoluxmamaq üçün vətəndaşlara diqqətli və məsuliyyətli olmağı tövsiyə edib. Ölkə başçısının göstərişi ilə bu ilin mart ayından fərdi və səyyar qəbulların bərpa olunduğunu, hər həftə şəhərin müxtəlif ərazilərində vətəndaşlarla görüşlərin təşkil edildiyini bildirib. 2020-ci ilin sentyabrın 27-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevin səfərbərliklə bağlı çağırışına Şirvandan yüzlərlə gəncin böyük ruh yüksəkliyi ilə qoşulduğunu və 44 gün ərzində böyükdən-kiçiyə hər bir azərbaycanlının dövlət başçısının “Dəmir yumruğun”da sıx birləşdiyini vurğulayıb. Dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, şəhidlərin xatirəsinin daim əziz tutulduğunu qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə sürətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işlərindən, dünyada analoqu olmayan “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin icra edilməsindən bəhs edib. İşğaldan azad edilmiş digər ərazilərin də tezliklə yenidən qurulacağına və sakinlərin doğma yurd-yuvalarına qayıdacaqlarına inamını ifadə edib. Ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfaltlanması, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Görülən işlərin, atılan addımların vətəndaş məmnunluğunun artmasına, əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət etdiyini bildirib. Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, seçiciləri ilə mütəmadi görüşlər keçirdiyini, onların problemləri ilə yaxından maraqlandığını, həlli istiqamətində çalışdığını, vaxtaşırı olaraq şəhər ərazisində görülən işlərlə yerində tanış olduğunu bildirib. Qeyd edib ki, cənab Prezidentin xüsusi diqqəti  və qayğısı ilə Şirvan tezliklə respublikamızın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Sonra sakinlərin müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər. Görüşdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Bayramlı qəsəbə klubunda olub,  kitabxanada olan kitab fondu və bölmələrlə tanış olub, kitabxananın problemləri ilə maraqlanıb. 

 

Mətbuat xidməti

Keçidlər