Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov mətbuat nümayəndələri ilə görüşüb.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycanda Milli Mətbuatın yaranmasının 147 illiyi və 22 iyul-Milli Mətbuat günü ilə əlaqədar mətbuat nümayəndələri ilə görüş keçirib. Görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə milli mətbuata göstərdiyi diqqət və qayğıdan, mətbuatın inkişafına mane olan məhdudiyyətlərin aradan qaldırılmasından, 1998-ci il ayqust ayının 6-da senzuranın ləğv edilməsindən, qəzet və jurnalların sayının, dövriyyəsinin artmasından, maddi texniki bazasının möhkəmlənməsindən danışıb. Bu gün də mətbuata münasibətdə Heydər Əliyev siyasətinin və ənənələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Mətbuatın inkişafı üçün respublikamızda hər cür şəraitin yaradıldığını, fədakar jurnalistlərin əməyinin yüksək qiymətləndirildiyini, onlara fəxri adların, orden və medalların verildiyini, sosial müdafiələrinin möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin görüldüyünü faktlarla diqqətə çatdırıb. Azərbaycan Milli Mətbuatının yarandığı gündən həmişə qabaqcıl ideyaların carçısı olduğunu, dövrün, zamanın, ictimai-siyasi həyatın güzgüsünə çevrildiyini, milli şüurun, yeni ideyaların formalaşmasına, mədəniyyətin inkişafına böyük töhfələr verdiyini vurğulayıb. Jurnalistlərə sistemli dövlət qayğısının ölkəmizdə sosial ədalət və şəffaflığın təmin edilməsinə xidmət etməsinin, qloballaşma və informasiya dövründə bu şəffaflığın hər bir idarə və müəssisədə, kollektivdə də təmin olunmasının, jurnalist-məmur arasında normal işgüzar münasibətlərinin qurulmasının önəmindən danışıb. Bu münasibətlərin daha sağlam, işgüzar əsaslar üzərində qurulması üçün jurnalistlərin öz nüfuzlarını qorumalı, peşəkarlıq səviyyələrini artırmalı, qərəzçiliyə yol verməməli, ədalətli, obyektiv mövqe nümayiş etdirmələrinin vacibliyini bildirib. Mətbuatın əsas diqqətinin milli məsələlərin, problemlərin həllinə, dövlətin möhkəmlənməsinə, oxucularda milli şüurun və yüksək vətənpərvərlik ruhunun formalaşmasına xüsusi önəm verməli olduğunu qeyd edib. Mətbuat işçilərinə xüsusi ilə yerli “İşıq” qəzetinin əməkdaşlarına və bölgə müxbirlərinə şəhərin ictimai-siyasi həyatında, sosial iqtisadi inkişafında əldə olunan uğurları, aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərini, həyata keçirilən sosial layihələri vaxtaşırı işıqlandırdıqları üçün təşəkkürünü bildirib. Şəhər İcra Hakimiyyətinin mətbuatla əməkdaşlığa həmişə açıq olduğunu qeyd edib. Görüşdə çıxış edən “İşıq” qəzetinin baş redaktoru, Şəhər Ağsaqqlar Şurasının sədri Fəxrəddin Rəhimov, “AzərTAC”ın bölgə müxbiri Aydın Yavərzadə, “APA”nın bölgə müxbiri Əlibəy Zeynalov, “Səs” İnformasiya Agentliyinin bölgə müxbiri İqbal Mikayılov çıxış edərək Şirvan şəhərində və ölkədə milli mətbuatın inkişafına, jurnalistlərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhərin ictimai həyatında fəallıqlarına, şəhərdə aparılan abadlıq quruculuq işlərinin, keçirilən mədəni-kütləvi tədbirlərin dövrü mətbuatda, televiziya kanallarında işıqlandırılmasında fəal iştirak etdiklərinə və Milli Mətbuatın yaranmasının 147-ci ildönümü münasibətilə “AzərTAC” İnformasiya Agentliyini və “Azərbaycan Televiziyasını Fəxri Fərmanla təltif edib. Sonda xatirə şəkli çəkilib.
Mətbuat xidməti