Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov könüllülərlə görüş keçirib.
06 iyun 2022 | 14:51
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə ölkəmizdə könüllülük hərəkatı geniş vüsət almışdır.
Şirvan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin bəzi idarə, müəssisə və təşkilatlarına cəlb edilmiş könüllülər şəhərin ictimai işlərində fəal iştirak edərək, ictimai əsaslarla fəaliyyət göstərdikləri sahələrdə xeyli təcrübə əldə etmişlər.
6 iyun 2022-ci ildə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov son bir ildə Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən könüllülərlə görüş keçirib.
Görüşdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək, İcra Hakimiyyətində fəaliyyət göstərən könüllülərin gördükləri işlər barədə ətraflaı məlumat verib. Bildirib ki, könüllülər daxili nizam-intizam qaydalarına ciddi əməl etmiş, verilən tapşırıqları vaxtında icra etmişlər. Onların müqavilə əsasında fəaliyyət müddətlərinin başa çatdığını və Şəhər İcra Hakimiyyəti başçısının sertifikatları ilə dəyərləndirildiyini qeyd edib.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, İcra Hakimiyyətinin şəhərin ən ali orqanı, Prezidentin yerli nümayəndəliyi olduğunu bildirib. Dövlət qulluğunda çalışmağın məsuliyyətli və şərəfli olduğunu vurğulayıb. Dövlət qulluqçularının dövlətimizə, dövlətçiliyimizə sədaqətli xidmət etməsinin önəmli olduğunu qeyd edib.
Sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov könüllülər-Xudaverdiyev Valeh Vaqif oğluna, Yusifli Adəm Elman oğluna, İsmiyev Yusif Ədalət oğluna, Mirzəli Əsmər Yaşar qızına, Rəhimzadə Cahangir Təbiət oğluna Şəhər İcra Hakimiyyətinin sertifikatlarını təqdim edib. Onların gələcəkdə müvafiq dövlət qurumlarında işlə təmin olunacağı mıəsələsinə baxılacağını bildirib. Könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Könüllülər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti