Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov növbəti səyyar görüş keçirib 17.10.2023
Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2023-cü ilin oktyabr ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, oktyabrın 17-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti səyyar görüş keçirilib.
Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Pərviz Rüstəmbəyov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, tibb işçiləri, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamlayaraq, 15 oktyabrda Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar və Xankəndi şəhərində, Xocalı, Ağdərə və Əsgəranda Azərbaycanın üçrəngli Dövlət Bayrağının ucaldılmasının tarixi hadisə olduğunu vurğulayaraq, tədbir iştirakçılarını bu münasibətlə təbrik edib. Qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan xalqının taleyində tamamilə yeni inkişaf mərhələsinin başlanğıcı olub, bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident cənab İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycanın bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutduğunu diqqətə çatdırıb.
Keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edən İlqar Abbasov, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Regionların inkişafı üzrə dövlət proqramlarından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlardan, eyni zamanda Şirvan şəhəri ərazisində həyata keçirilən infrastruktur layihələr, abadlıq-quruculuq işləri və nəzərdə tutulmuş tədbirlərdən danışıb.
Daha sonra müraciətlər dinlənilib və araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Görüşdə iştirak edənlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.