Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov növbəti səyyar görüş keçirib.
Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən, əhalini narahat edən problemlərin yerində həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, avqust ayının 1-də Şirvan şəhər İstiqlaliyyət prospekti 3 ünvanında (“Bizim həyət”) görüş keçirilib.
Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti başçısının müavinləri, Aparatının əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
İlk olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Şirvan şəhərində aparılan abadlıq-quruculuq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə sakinlərə ətraflı məlumat verib. Bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin birbaşa göstərişi, diqqət və qayğısı sayəsində ölkəmizi əhatə edən abadlıq işlərinin davamı olaraq Şirvan şəhərində də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, çoxmənzilli yaşayış binalarının tikilməsi, yeni məktəb binalarının əsaslı şəkildə yenidən qurulması, nümunəvi məhəllələrin, park və yaşıllıqların salınması 2024-cü ildə də uğurla davam etdirilir.
Şəhər ərazisində yenidən qurulan Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkından, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "İDEA" İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində regionlardan ilk dəfə şəhərimizdə yaradılan abad məhəllələrdən söz açaraq şəhidlərimizin vaxtilə yaşadıqları küçələrin abadlaşmasına və işıqlandırılmasına xüsusi diqqət göstərildiyini söyləyib.
Sonra qəbula gələn sakinlər dinlənilib. Vətəndaşların müraciətləri əsasən, maddi yardım, işlə təmin edilmə, səhiyyə və digər sosial məsələlərlə bağlı olub.
Ünvanlanan müraciətlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb.
Sakinlər ölkəmizdə yaradılan sabitliyə, əmin-amanlığa, ərazi bütövlüyümüzün təmin olunmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.