Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov növbəti səyyar görüş keçirib.
Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2024-cü ilin fevral ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, fevralın 9-da Şirvan Olimpiya İdman Kompleksində növbəti səyyar görüş keçirilib.
Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, zavodun işçiləri, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etməklə keçirilən növbədənkənar Prezident seçkilərinin xalqımız və dövlətimiz üçün əhəmiyyətindən danışaraq, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqının böyük səs çoxluğunu qazanaraq qalib gəlməsi münasibətilə hər kəsi təbrik edib. Sonra şəhər ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı məlumat verib.
Daha sonra müraciətlər dinlənilib və araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Görüşdə iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.