Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov növbəti səyyar görüş keçirib.

14 noyabr 2023 | 16:59

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2023-cü ilin noyabr ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, noyabrın 14-də Şirvan Pambıq Emalı Zavodunda növbəti səyyar görüş keçirilib.

Görüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, “Azərpambıq ASK” MMC-nin direktorunun birinci müavini Hüseyn Qafarov və direktor müavini Ağahüseyn Qədirov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, zavodun işçiləri, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamlayaraq, 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazıldığını, bu qələbənin Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, yenilməz ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz və cəsur əsgərlərimizin canı, qanı bahasına, xalqımızın birliyi hesabına qazanıldığını qeyd edib. Bildirib ki, 19-20 sentyabr tarixlərində konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə keçirilən lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması, oktyabrın 15-də tarixi torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması suverenliyimizin bərpasının təntənəsi olmaqla xalqımız tərəfindən yüksək qürur və iftixar hissləri ilə qarşılanıb.

Keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edən İlqar Abbasov, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Regionların inkişafı üzrə dövlət proqramlarından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlardan, eyni zamanda Şirvan şəhəri ərazisində həyata keçirilən infrastruktur layihələr, abadlıq-quruculuq işləri və nəzərdə tutulmuş tədbirlər barədə məlumat verib.

Daha sonra müraciətlər dinlənilib və araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.

Görüşdə iştirak edənlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda görüş iştirakçıları “Azərpambıq ASK” MMC-nin Şirvan şəhərində yerləşən Pambıq Emalı Zavodunun pambıq emalı sexində istehsal sahələrinə baxış keçirib, mövcud vəziyyətlə yaxından tanış olublar.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti”  https://rih.gov.az  portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Keçidlər