Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov növbəti səyyar görüş keçirib.
Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2024-cü ilin iyun ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, iyunun 20-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasında səyyar görüş keçirilib.
Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri, tibb işçiləri və şəhər sakinləri iştirak ediblər.
Görüşdə öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq şəhər ərazisində aparılan abadlıq-quruculuq, yaşıllaşdırma işləri, “Yeni Şirvan” yaşayış kompleksinin tikintisi, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfalt-beton örtüyünün vurulması işləri, həyata keçirilən infrastruktur layihələri, Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı görüş iştirakçılarına ətraflı məlumat verib. Həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yaşıllıqların salınmasının və mühafizəsinin vacibliyini vurğulayaraq, şəhər ərazisindəki istirahət parklarının sahələrinin genişləndirilərək yenidən qurulması işlərinin davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra müraciətlər dinlənilib və araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Görüşdə iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.