Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov növbəti vətəndaş qəbulu keçirib.
Dövlət başçısının vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq, dekabrın 11-də şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.
Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, şöbə müdirlərinin, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Qəbul zamanı şəhid ailələrinin, müharibə iştirakçılarının və bu kimi həssas kateqoriyadan olan şəxslərin müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Qəbulda vətəndaşların əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.