Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Pasxa bayramı münasibətilə şəhərin pravoslav xristian icmasının üzvləri ilə görüşüb.
Mayın 4-də Şirvan Şəhər İcra Hakimiyyətində şəhərin pravoslav xristian icmasının üzvləri ilə görüş keçirilib.
Görüşdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, 2-ci Dünya müharibəsində həlak olanların, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi zamanı canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, Müqəddəs Pasxa bayramı münasibətilə şəhərin bütün xristian əhalisini səmimi qəlbdən təbrik edib, hər birinə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıb. Qeyd edib ki, yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində bu gün ölkəmizdə sağlam ictimai-siyasi mühit hökm sürür, tolerantlıq ənənələrimiz qorunub saxlanılır, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiram bəslənilir. Hər bir Azərbaycan vətəndaşı dini seçimində sərbəstdir. "Pasxa" bayramı hər il respublikamızda yüksək səviyyədə qeyd olunur. Dövlət başçısı bayram münasibətilə ölkəmizdə yaşayan xristianlara təbrik ünvanlayır. Kilsələrin və məbədlərin əsaslı şəkildə bərpası onlara göstərilən həssas münasibətin və diqqətin təzahürüdür. Bu gün Azərbaycan bir çox ölkələr üçün tolerantlıq və multikulturalizm nümunəsidir. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasət Şirvan şəhərində də uğurla davam etdirilir. Tolerant və multikultural ənənələrə malik Şirvan şəhərində pravoslav xristian icması öz dini etiqad və inanclarını, adət-ənənələrini, bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edirlər. Hər il şəhərimizdə ənənəvi keçirilən Pasxa bayramı xeyirxahlığın, mərhəmət və şəfqət duyğularının ifadəsinə çevrilib.
Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı təbrik məktubunu görüş iştirakçılarının diqqətinə çatdırıb.
Rus icmasının sədri Urmantseva Lyubov icma üzvləri adından göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib. Bildirib ki, çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri var. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları, o cümlədən pravoslav xristianlar öz hüquq və azadlıqlarından lazımınca yararlanmaqla, ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.
Qeyd edək ki, Şirvan şəhərində yaşayan icma üzvlərinin qayğı və problemlərinə daha diqqətlə yanaşmaq, onlara mütəmadi olaraq maddi və mənəvi kömək göstərilməsini davam etdirmək və Pasxa bayramı münasibətilə şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə icmanın bir qrup üzvünə maddi köməklik göstərilib.