Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərlə növbəti səyyar görüş keçirib 07.09.2023
Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2023-cü ilin sentyabr ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, 07 sentyabr 2023-cü il tarixində şəhərin M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında sakinlərlə növbəti səyyar görüş keçirilib.
Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dövlət başçısı cənab İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılması ilə əlaqədar imzaladığı fərman və sərəncamların əhəmiyyəti, həyata keçirilən uğurlu daxili və xarici siyasət, genişmiqyaslı sosial-iqtisadi islahatlar, eyni zamanda, Şirvan şəhərində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması istiqamətində görülən işlər və infrastruktur layihələr barədə ətraflı məlumat verib. Şirvan şəhərinin şəhər statusu almasının 60 illik yubileyinin qeyd edilməsinə hazırlıqla bağlı bir sıra işlər görüldüyünü, şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə “Tədbirlər Planı”nın təsdiq edildiyini diqqətə çatdırıb.
Səyyar görüşdə iştirak edən Milli Məclisin deputatı İltizam Yusifov əhalini narahat edən problemlərlə bağlı dövlət qurumlarına göndərilmiş müraciətlər, onların həlli istiqamətində görülən işlər barədə məlumat verib.
Daha sonra sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.