Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərlə növbəti səyyar görüş keçirib 08.08.2023
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov təsdiq olunmuş qrafikə uyğun olaraq, 08 avqust 2023-cü il tarixində şəhərin H.Əliyev parkında sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib. Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov regionların inkişafı üzrə dövlət proqramlarından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlardan, eyni zamanda Şirvan şəhəri ərazisində həyata keçirilən abadlıq-quruculuq, əsaslı təmir işləri ilə bağlı ətraflı məlumat verərək, şəhərin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf konsepiyasında nəzərdə tutulmuş tədbirlər çərçivəsində İ.Qayıbov adına istirahət parkında və Kür çayının sahildə görüləcək işlərdən danışıb. Milli Məclisin deputatı İltizam Yusifov əhalini narahat edən problemlərlə bağlı dövlət qurumlarına göndərilmiş müraciətlər, onların həlli istiqamətində görülən işlər barədə məlumat verib. Eyni zamanda, səyyar görüş zamanı səsləndirilən məsələlərin həlli ilə bağlı zəruri tədbirlərin görüləcəyini bildirib. Daha sonra sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb. Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Görüş zamanı şəhər sakini müraciət edərək, yaşadığı binanın qarşısında avtomobillərin saxlanılmasının narahatlığa səbəb olduğunu, müvafiq tədbir görülməsini bildirdi. Müraciətlə əlaqədar qeyd edilən əraziyə baxış keçirildi və məsələnin araşdırılacağı vətəndaşın nəzərinə çatdırıldı. Həmçinin qeyd edilən ərazidə binanın arxa hissəsində piyadalar üçün səkinin salınmasının şəhərin baş planına uyğun olmadığı sakinlərə bildirilərək, qanunamüvafiq izahat verilib. Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.