Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərlə növbəti səyyar görüş keçirib.

07 noyabr 2023 | 17:01

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2023-cü ilin noyabr ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, noyabrın 7-də Şirvan Şəhər Uşaq Musiqi Məktəbində sakinlərlə növbəti səyyar görüş keçirilib.

Görüşdə şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri və şəhər sakinləri iştirak ediblər.

Öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinlərini 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək, 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazıldığını, bu qələbənin Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, yenilməz ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz və cəsur əsgərlərimizin canı, qanı bahasına, xalqımızın birliyi hesabına qazanıldığını qeyd edib. Bildirib ki, 19-20 sentyabr tarixlərində konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması, oktyabrın 15-də tarixi torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması suverenliyimizin bərpasının təntənəsi olmaqla xalqımız tərəfindən yüksək qürur və iftixar hissləri ilə qarşılanıb.

Daha sonra sakinlərin müraciətləri və təklifləri dinlənilib, onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək, həlli nəzarətə götürülüb.

Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti”  https://rih.gov.az  portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Keçidlər