Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərlə növbəti səyyar görüş keçirib.
Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2024-cü ilin dekabr ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, dekabrın 10-da Telemexanika zavodunda çalışan şəhər sakinləri ilə səyyar görüş keçirilib.
Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, Telemexanika zavodunun direktoru Feyruz Əsədov və aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Görüş iştirakçıları ilk olaraq zavodda yaradılmış Heydər Əliyev muzeyinə baxış keçirib. Muzeydə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, xüsusilə ordu quruculuğuna göstərdiyi diqqət və qayğını, həmçinin cənab Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov regionların inkişafı üzrə dövlət proqramlarından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlardan, eyni zamanda Şirvan şəhəri ərazisində həyata keçirilən infrastruktur layihələr, abadlıq-quruculuq, əsaslı təmir işləri ilə bağlı ətraflı məlumat verərək, şəhərin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər çərçivəsində görüləcək işlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı görüş iştirakçılarına ətraflı məlumat verib. Ölkəmizin ev sahibliyi ilə yüksək səviyyədə təşkil olunmuş COP29 tədbirinin uğurla başa çatmasından danışaraq, ölkəmizin əksər dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini diqqətə çatdırıb.
Ümummilli Lider Heydər Əliyevin anım gününün yaxınlaşdığını nəzərə çatdıraraq, Ulu Öndər Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolundan danışıb. Ümummilli liderin respublikaya rəhbərliyi dövründə ölkə iqtisadiyyatını hərtərəfli inkişaf etdirdiyini, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin iqtisadi, siyasi və hüquqi əsaslarını yaratdığını vurğulayıb.
Daha sonra sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.