Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərlə növbəti səyyar görüş keçirib.

14 dekabr 2023 | 21:44

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2023-cü ilin dekabr ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, dekabrın 14-də Telemexanika zavodunda çalışan şəhər sakinləri ilə səyyar görüş keçirilib.

Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov,Telemexanika zavodunun direktoru Feyruz Əsədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Görüş iştirakçıları ilk olaraq zavodda yaradılmış Heydər Əliyev muzeyinə baxış keçirib. Muzeydə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, xüsusilə ordu quruculuğuna göstərdiyi diqqət və qayğını, həmçinin Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov regionların inkişafı üzrə dövlət proqramlarından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlardan, eyni zamanda Şirvan şəhəri ərazisində həyata keçirilən infrastruktur layihələr, abadlıq-quruculuq, əsaslı təmir işləri ilə bağlı ətraflı məlumat verərək, şəhərin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər çərçivəsində görüləcək işlərdən,Ulu Öndər Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və fəaliyyətindən danışıb.Ümummilli liderin respublikaya rəhbərliyi dövründə ölkə iqtisadiyyatını hərtərəfli inkişaf etdirdiyini, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin iqtisadi, siyasi və hüquqi əsaslarını yaratdığını vurğulayıb.

Daha sonra müraciətlər dinlənilib və araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.

Görüşdə iştirak edənlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti”  https://rih.gov.az  portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Keçidlər