Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərlə növbəti səyyar görüş keçirib.

02 noyabr 2023 | 20:07

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2023-cü ilin noyabr ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, noyabrın 2-də şəhərin İstiqlaliyyət prospekti 3 ünvanında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə abadlaşdırılan nümunəvi məhəllədə sakinlərlə növbəti səyyar görüş keçirilib.

Görüşdə Millət vəkili İltizam Yusifov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 44 günlük Vətən müharibəsinin müxtəlif məqamlarından, Müzəffər Ali Baş Komandanın müəllifi olduğu “Dəmir yumruq” əməliyyatından, rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən zəfər yürüşündən danışaraq, bir neçə gün sonra ölkəmizdə Zəfər Gününün sevinc və qürur hissi ilə qeyd ediləcəyini, bu münasibətlə ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

İlqar Abbasov keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Regionların inkişafı üzrə dövlət proqramlarından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlardan, eyni zamanda Şirvan şəhəri ərazisində həyata keçirilən infrastruktur layihələr, 2024-2028-ci illər üçün  “Yeniləşən Şirvan” sosial iqtisadi inkişaf proqramı, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən “Yeni Şirvan” yaşayış kompleksi, Bayramlı qəsəbəsi, İ.Qayıbov və Sahil parkında nəzərdə tutulan abadlıq-quruculuq işləri haqqında geniş məlumat verib

Milli vəkili İltizam Yusifov əhalini narahat edən problemlərlə bağlı dövlət qurumlarına göndərilmiş müraciətlər, onların həlli istiqamətində görülən işlər barədə məlumat verib.

Daha sonra sakinlərin müraciətləri və təklifləri dinlənilib, onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək, həlli nəzarətə götürülüb.

Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti”  https://rih.gov.az  portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Keçidlər